image-netanyaho_israilbackend

Qəzzadakı əməliyyatın ortağı olan ABŞ, Livanla müharibədə İsrailin yanında ola biləcəkmi? – TƏHLİL

İsrail Baş naziri Benyamin Netanyahunun 7 oktyabr hücumlarından sonra qurulan 6 nəfərlik Müharibə Kabinetinə xitam verməsi Qəzza münaqişəsi və İsrailin daxili siyasəti baxımından əhəmiyyətli bir inkişaf idi. Amma məlum olduğu kimi, Netanyahu hökumətinin güclənməsində Müharibə Kabineti əsas rol oynamayıb. İsrailin milli birliyini yeniləmək təbliğatının bir hissəsi kimi qəbul edilən Müharibə Kabineti ləğv edilsə belə, Netanyahu hökuməti 120 yerlik Knessetdə 64 yerlə çoxluğun dəstəyinə malikdir. Buna görə də Müharibə Kabinetinin buraxılması ilə Netanyahu hökumətinin gedişatının köklü dərəcədə təsirlənməsi və dağılması gözlənilməz bir ssenaridir.

Netanyahunun motivasiyası

Netanyahunun Müharibə Kabinetini ləğv etmək qərarının arxasında bir çox motivlər ola bilər. Netanyahu Müharibə Kabinetini dağıtmaqla, ilk mərkəzləşdirilmiş qərar qəbuletmə səlahiyyətinə sahib oldu. Bu addım Netanyahunun hərbi və strateji qərarlar üzərində daha çox nəzarət əldə etmək istəyini əks etdirir. İsrail hökuməti, kəşfiyyat agentlikləri və ordu daxilində Netanyahunun münaqişəni idarə etməsinə qarşı artan müqavimət var. Netanyahu isə Müharibə Kabinetini ləğv etməklə, daxili siyasi təzyiqlərə müqavimət göstərir. Bundan əlavə, Müharibə Kabinetinin Qəzzada qəti nəticələr əldə edə bilməməsi kabinetin fəaliyyətinin dayandırılmasına təsir edən nəticələrdən biri ola bilər. Qəzzada davam edən müharibə İsrail üçün gözlənilən nəticəni vermədi. Bu, uğursuzluq hissi yaratdı. Netanyahu bu addımı ilə Qəzzada baş verən uğursuzluğa görə məsuliyyəti Müharibə Kabinetinin üzərinə qoyaraq, yeni yanaşmaların qəbul ediləcəyinə işarə etdi.

Onu da qeyd etmək olar ki, Müharibə Kabinetinin buraxılmasının xarici ölçüləri var və bu mənada görkəmli aktor ABŞ-dir. Qəzzadakı əməliyyatların ortağı olan ABŞ Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) təqdim etdiyi atəşkəs təklifi ilə Birləşmiş Ştatlar administrasiyası və Netanyahu hökuməti arasında ciddi məsafənin olduğunu göstərdi. Netanyahu eyni zamanda simvolik əhəmiyyət kəsb edən Müharibə Kabinetini ləğv etməklə, hakimiyyəti gücləndirdi və ABŞ-nin atəşkəs təklifinə radikal cavab verdi. Bununla əlaqədar olaraq, Müharibə Kabinetinin fəaliyyətinin dayandırılması ABŞ-İsrail oxunun manevri də ola bilər.

Müharibə Kabinetinin fəaliyyətini dayandırmasının digər səbəbi də Netanyahunun Rəfah əməliyyatından sonra HƏMAS-ın gücünü itirdiyinə dair təsəvvürün nəticələrini heç kimlə bölüşmək istəməməsi ola bilər. Bir çox analitiklərin fikrincə, İsrail Qəzzanın Misirlə sərhədi olan Rəfaha hücumundan sonra qurduğu Filadelfiya dəhlizi ilə Misir tərəfindəki müqavimət qruplarının əlaqələrini zəiflətdi. Bildirilir ki, Sinay yarımadasındakı səhralarla 200-ə yaxın tunel birləşdirilib. Bu vəziyyət İsrailin Qəzzada radikal qruplara qarşı daha güclü müharibə aparacağı ssenarisini gündəmə gətirir. Netanyahu da bu ssenaridə mümkün qazanclarını Müharibə Kabinetindəki rəqib müttəfiqlərinə itirmək istəmir. Başqa sözlə, Netanyahu İsrailin son irəliləyişlərini Müharibə Kabineti ilə bölüşməkdənsə, “öz boşqabı”na əlavə etmək istəyir. Buna görə də, Müharibə Kabinetini ləğv etməklə, Netanyahu öz siyasi məqsədlərini irəli sürür. Müharibə Kabinetinin ləğvi Netanyahunun əlini müharibə zamanı və ya ondan sonra seçkilərin gündəmdə olduğu İsraildə gücləndirdi.

Yeni marşrut Livandır?

Müharibə Kabinetinin fəaliyyəti dayandırıldıqdan sonra Netanyahunun daha güclü mövqe qazanacağı və daha az məsləhətləşmə ilə qərarlar verəcəyi açıq-aydın görünürdü. Bu vəziyyət müharibənin regional xarakter alacağı ssenarisini də gücləndirir. Əslində, son günlər İsrailin nəzarət altına aldığı bir çox bölgəyə “Hizbullah” tərəfindən 300-ə yaxın raket atılıb və bu raketlər nəticəsində İsraildə yanğınlar başlayıb. İsrail də cavab hücumları ilə “Hizbullah”ın yüksək səviyyəli komandanlıq zəncirinin üzvlərini hədəfə alıb. Müəyyən mənada hər iki tərəfin strateji hədləri sınaqdan keçirdiyi bir dövrdə iki aktor arasında gərginlik artdı.

Bəzi iddialara görə, Netanyahunun Müharibə Kabinetini ləğv etdikdən sonra Qəzzadakı müharibəni əvvəlcə İordan çayının qərb sahilinə, sonra isə bu müharibənin gedişindən asılı olaraq Livana qədər genişləndirəcəyi də gündəmdədir. Bununla əlaqədar olaraq, Müharibə Kabinetinin fəaliyyətinin dayandırılmasından sonra ortaya çıxan başqa bir ssenari Netanyahunun ABŞ-nin təklif etdiyi atəşkəs rejimini qəbul edəcəyi və əsir mübadiləsindən sonra müharibəni şimala, “Hizbullah” tərəfinə aparacağıdır. Beləliklə, Netanyahu Qəzzadakı uğursuz əməliyyatı Müharibə Kabinetindəki rəqib müttəfiqlərin üzərinə atmaqla və “Hizbullah”la döyüşməklə siyasi karyerasını qoruya bilər. Üstəlik, Netanyahunun seçki keçirib, daha sonra müharibəni davam etdirməyə qərar verə biləcəyi bir ssenarinin olduğunu söyləmək olar.

Bundan əlavə, Netanyahunun keçmiş Müharibə Kabinetinin üzvləri Benni Qantz və Qadi Eisenkotun kabinetdən getməsindən sonra kabinetin fəaliyyətini dayandırdığını açıqlaması hətta aldatma siyasəti ola bilər. “Hizbullah”ın gərginliyini artırdığı bir şəraitdə “Hizbullah”a qarşı sərt siyasət yürüdən və münaqişə tərəfdarı olan bu fiqurların hökumətdən uzaqlaşdırılması da İsrailin Livana qarşı hərbi əməliyyatını azaldacağı görüntüsü yaratmaq məqsədi daşıya bilər. İsrail qəfil hücumla müharibəni şimala daşıya və qlobal gündəmi Livana ötürə bilər.

Nəticədə Netanyahunun Müharibə Kabinetini ləğv etmək qərarı İsrailin daxili siyasi dinamikasında və Qəzza müharibəsinin gedişatında kritik bir dövrə təsadüf etdi. Netanyahunun səlahiyyəti Müharibə Kabinetinin fəaliyyətinin dayandırılması ilə möhkəmlənsə də, Qəzza müharibəsinin Livan və İordan çayının qərb sahilinə daşınması ssenariləri də gündəmdədir.

Asif Cəfərov
Ordu.az

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki