“Environmental Protection First” (EPF) Koalisiyasının Cənubi Qafqazın və Xəzər dənizinin ekologiyasını zəhərləyən Ermənistanın dağ-mədən sənayesi müəssisələri barədə hazırladığı interaktiv rəqəmsal xəritə Koalisiyanın saytına yerləşdirilib.
Elchi.az xəbər verir ki, infobank mahiyyətli rəqəmsal xəritə Azərbaycan, ingilis və erməni dillərindədir.
İnteraktiv xəritədə faydalı qazıntıların növləri, yerləşdiyi ərazilər, əsas çirkləndirici müəssisələr, onların hansı maddələrlə hansı çayları çirkləndirməsi barədə məlumatlar təqdim olunur. Peşəkar kartoqrafik əsər olan xəritə müasir “WGS-84” koordinat sistemində yığılıb, klikləmə üsulu ilə obyektlər haqqında ətraflı məlumat almaq mümkündür. Xəritənin altlığı həm topoqrafik, həm də kosmik görüntülüdür. İstehsal müəssisələri haqqında məlumatlar kosmik təsvirlərin analizi nəticəsində alınıb. Xəritədə xammal emalı müəssisələrinin, istismar edən şirkətlərin adları, müəssisələrin təyinatı, ətraf mühitə təsirləri haqqında məlumatlar, foto və videolar verilib.
Qeyd edək ki, 2023-cü ilin yayında təsis edilmiş “Environmental Protection First” (EPF) Koalisiyası Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin ekoloji fəsadlarına qarşı cəbhə açan Azərbaycan QHT-lərini özündə birləşdirir. Koalisiya Ermənistan hakimiyyətindən dağ-mədən müəssisələrinin qapılarını Azərbaycan ekoloqlarının və beynəlxalq təşkilatların üzünə açmağı, bu müəssisələrə baxış keçirilməsini, həmin müəssisələrdə ekoloji monitorinqlər aparılmasını, yerli və beynəlxalq ictimaiyyətdən gizlədilən Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Sənədlərinin açıqlanmasını tələb edir.