image-kuba-elektrik-reu-2292523backend

Kubada enerji böhranı: Milyonlarla insan işıqsız qalıb

Kubada əsas elektrik stansiyalarındakı nasazlığın hələ də tam aradan qaldırılmadığı üçün milyonlarla insanın hələ də işıqsız qaldığı bildirilir.
Elchi.az xəbər verir ki, yerli KİV-in məlumatına görə, oktyabrın 18-də Matanzas şəhərindəki Antonio Guiteras Elektrik Stansiyasında baş vermiş nasazlıq milyonlarla kubalını işıqsız qoyub.
Səlahiyyətlilər gərgin səylərdən sonra paytaxt Havana başda olmaqla bəzi bölgələrə elektrik verilməyə başlanıldığını açıqlayıb. Bununla belə, hələ də ölkənin 80 faizinə elektrik enerjisi verilmir və bəzi şəhərlərdə fasilə 30 saatdan çox davam edir.
Sosial mediada yayımlanan görüntülərdə Havanadakı Xose Marti Beynəlxalq Hava Limanının qaranlıqda qaldığı görülüb.
Digər tərəfdən, enerji sektoru rəsmiləri Kuba Prezidenti Migel Diaz-Kanelin başçılığı ilə bir araya gələrək, ölkə daxilində elektrik kəsintilərini həll etmək üçün qiymətləndirmələr aparıblar.
Ölkədə elektrik enerjisi kəsilməkdə davam edir
Kubada elektrik stansiyalarında yaranan nasazlıqlar səbəbindən elektrik enerjisinin kəsilməsi tez-tez baş verir. Mətbuatın yazdığına görə, Sovet İttifaqının 40 il əvvəl tikdiyi elektrik stansiyalarına lazımi səviyyədə texniki qulluq göstərilmədiyi üçün bu problemlər təkrarlanır.
Energetika və Mədən Nazirliyinin məlumatına görə, ölkədə ildə 8 milyon ton yanacaq istehlak edilir ki, bunun da yalnız 3 milyon tonu yerli istehsal hesabına təmin edilir. İqtisadi embarqolar səbəbindən Kuba enerji ehtiyacının böyük hissəsini Venesuela, Rusiya və Meksikadan təmin edir.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki