İspaniyada geniş miqyaslı elektrik enerjisinin kəsilməsindən dəyən zərər, çox güman ki, təxminən 1 milyard avro təşkil edəcək.
Elchi.az -ın məlumatına görə, bu barədə “Pais” qəzeti analitiklərin ilkin məlumatlarına istinadən yazır.
Nəşrin məlumatına görə, əgər İspaniyada bütün iş bir gün ərzində iflic olsaydı, zərər 4,5 milyard avroya çata bilərdi. Bəzi sektorlarda kəsintinin iş gününün ortasından sonra baş verməsi və problemin həlli üçün bir neçə saat tələb olunması səbəbindən “praktikada hər şey göstərir ki, zərər göstərilən maksimum məbləğdən xeyli az olacaq”.
Genişmiqyaslı elektrik kəsintisi bu bazar ertəsi İspaniyanın demək olar ki, bütün ərazisində saat 12.30-da baş verib. Elektrik şəbəkələrinin operator şirkəti Red Electrica bərpa işlərinin on saata qədər çəkəcəyini bildirib. Nasazlıq həmçinin Portuqaliya, Fransa və Andorraya da təsir edib.
Qeyd edək ki, bu gün səhər milli elektrik şəbəkəsini idarə edən Red Electrica şirkəti İspaniyanın materik hissəsində elektrik təchizatının demək olar ki, tam bərpa olunduğunu bildirib.