Livanın baş naziri Navaf Salam deyib ki, İsrailin ölkəsinə hücumlarını dayandırmaq üçün monitorinq mexanizmi işə salınmalıdır.
Elchi.az xəbər verir ki, Baş nazirlik mətbuat xidmətindən verilən yazılı açıqlamaya görə, Selam Livan Jurnalistlər Birliyinin nümayəndə heyətini qəbul edib.
İsrailin atəşkəs razılaşmasına baxmayaraq paytaxt Beyruta qədər uzanan hücumlarına reaksiya verən Selam, “Livan İsrailin pozuntularının qarşısının alınmasını və cənubda işğalını davam etdirdiyi 5 nöqtədən geri çəkilməsini istəyir” ,- deyib.
İsrailin paytaxt Beyrutun cənubuna və digər bölgələrə etdiyi hücumlarla atəşkəsi açıq şəkildə pozduğunu vurğulayan Salam, İsrailin hücumlarını dayandırmaq üçün monitorinq mexanizminin işə salınması lazım olduğunu bildirib.
Livan kimi İsrailin də atəşkəs razılaşmasına əməl etməsi lazım olduğunu vurğulayan Selam, “İsrailin cənubdakı nöqtələrdən geri çəkilməməsi sabitliyi təhdid edir”, – deyib.
Selam, İsrailin pozuntularının qarşısını almaq üçün atəşkəsin təminatçısı olan ABŞ və Fransa ilə, eləcə də nüfuzlu beynəlxalq tərəflərlə əlaqəni davam etdirdiklərini bildirib və Hizbullahın silahları ilə bağlı bunları qeyd edib:
“Hizbullah ardıcıl olaraq dövlətin yanında olduğunu bəyan edib. Dövlət də Hizbullahın “hə” səsi ilə seçilən hökumətin fəaliyyət planına uyğun olaraq bu məsələ ilə bağlı dəqiq qərar verib”.
İsrailin Livana hücumlarının yaratdığı dağıntılardan sonra yenidənqurma planları üzərində işə başladıqlarını ifadə edən Selam, hökumətin Dünya Bankı ilə danışıqlara başladığını və indiyə qədər 325 milyon dollar vəsait təmin etdiklərini bildirib.
Livan və İsrail arasında atəşkəs və onun pozulması
İsrail və Livan arasında 27 noyabr 2024-cü ildə əldə edilən atəşkəs razılaşmasına baxmayaraq, İsrail tez-tez razılaşmanı pozur.
Livan və İsrail arasında atəşkəs razılaşması əsasında yaradılan Atəşkəs Nəzarət Komitəsinə Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülh Qüvvələri (UNIFIL), Livan və İsrail, həmçinin Fransa və ABŞ daxildir.
Livana qurudan hücumlar zamanı sərhəddəki qəsəbələrə daxil olan İsrail ordusu atəşkəs razılaşmasındakı geri çəkilmə bəndinə baxmayaraq, Hamamis təpəsi, Aziyye təpəsi, Uveyda təpəsi, Balat dağı və Lebbune təpəsində beş nöqtədə mövcudluğunu davam etdirir.
Livanın informasiya naziri Paul Markus aprelin 17-də bildirib ki, 27 noyabrdan bu yana atəşkəs razılaşmasını 2740 dəfə pozan İsrail Livana hücumlarında 190 nəfəri öldürüb, 485 nəfəri yaralayıb.
Nuranə Məmmədova