Kremlin sözçüsü Dmitri Peskov, Ukrayna böhranının həlli üçün ABŞ ilə işləməyə davam etdiklərini ifadə edərək, “Biz böhranın həlli prosesini davam etdirməyi hədəfləyirik” deyib.
Elchi.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərlə cari məsələləri müzakirə edib.
Peskov ABŞ-ın Ukrayna böhranının həlli prosesindən çəkilmə ehtimalını qiymətləndirərək deyib:
” Rusiya Ukrayna məsələsində Amerika tərəfi ilə işləməyə davam edir. Biz böhranın həlli prosesini davam etdirməyi hədəfləyirik. Rusiya prezidenti Vladimir Putin Ukraynada ölkəmizin maraqlarının qorunmasına uyğun olaraq sülhün bərqərar olmasının tərəfdarıdır . Bu, məcburi şərtdir. Biz Amerika tərəfinin bu məsələdə vasitəçilik təşəbbüslərini yüksək qiymətləndiririk”.
Peskov vurğulayıb ki, ABŞ prezidenti Donald Trampın “Ukrayna illər əvvəl Krımı itirib və bu, danışıqlar mövzusu deyil” deməsi Rusiyanın yanaşması ilə üst-üstə düşür.
“Ukraynada xarici hərbi birləşmələrin yerləşdirilməsi kritik təhlükəsizlik təhdididir”
Rusiyanın Qərb ölkələrinin hərəkətlərinə qarşı nüvə silahından istifadə etmə ehtimalını şərh edən Peskov, “Nüvə doktrinamızda hər şey var. Xarici hərbi birləşmələrin Ukrayna ərazisinə yerləşdirilməsinə gəlincə, bu, bizim üçün qətiyyən qəbuledilməzdir. Bu, bütün Avropa və qlobal təhlükəsizlik üçün kritik təhlükə yaradır” deyib.
Avropa və ABŞ xarici işlər nazirləri arasında İngiltərənin paytaxtı Londonda keçiriləcək Ukrayna ilə bağlı görüşün təxirə salınması ilə bağlı mətbuat katibi Peskov, “Biz tərəflər arasında fikir ayrılığı və mövqelərin yaxınlaşması baxımından problemlərin olduğunu görürük” deyib.
Nuranə Məmmədova