Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.
– Qüdrət bəy, Azərbaycan – Çin yaxınlaşması heç də hamı tərəfindən birmənalı qarşılanmır. Sizin münasibətinizi bilmək istərdik.
– Azərbaycan yalnız Çinlə yox, istənilən ölkə ilə iqtisadi əlaqələrin inkişafına açıqdır. Çinlə əməkdaşlığa qarşı çıxanlar əsasən özlərini qərbyönümlü adlandıranlardır. Çin hər keçən gün daha keyfiyyətli və daha ucuz mallar istehsal edir, müasir texnologiyaya sahibdir. Çinə lazımdır ki, yüksək alıcılıq qabiliyyətinə malik Avropaya öz məhsullarını daha qısa zamanda və daha az daşınma xərclərilə çatdıra bilsin. Çin həm də dünyanın ikinci iqtisadiyyatına sahib ölkə kimi xarici ölkələrə investisiya yatırmaq imkanına malikdir. Azərbaycan da istəyir ki, Avropaya yüklər ölkəmiz üzərindən daşınsın, bundan həm pul qazanaq, həm də təhlükəsizliyimizə əlavə zəmanət alaq. Çin ölkəmizə investisiya qoyub yeni iş yerləri yarada bilər, artıq bu istiqamətdə müəyyən sənədlər imzalanıb. Əsas gəlir mənbəyimiz olan neftin həm hasilatı azalır, həm də qiyməti aşağı düşür. Ona görə Çinlə əməkdaşlığın genişləndirilməsi milli maraqlarımıza cavab verir. İqtidarın orta sahibkarlıq yaranmasın deyə Çinlə əməkdaşlığı çox da genişləndirməyəcəyi barədə deyilənləri isə əsasssız hesab edirəm. Qeyri – neft sektorunun sürətli inkişafına nail olmaq üçün iqtisadiyyata böyük ölçüdə investisiya yatırılmalıdır. İqtidar da bunun fərqindədir. Qərb investorları bunda çox da maraqlı görsənmir, ona görə Çinlə əməkdaşlığa diqqət yetirilməsini doğru hesab edirəm.
– İqtisadiyyatın inkişafı qarşısında ən böyük maneələrdən biri bürokratik aparat hesab olunur. Çin investorları bu maneəni aşa biləcəkmi?
– Bu barədə deyilənlərdə həqiqət payı var. Bəzi vəzifəli şəxslər ya korporativ maraqlarına görə, ya da bacarıqsızlıqlarından, yaxud digər səbəblərdən öz vəzifələrini layiqincə yerinə yetirmirlər. Digərləri isə onları müdafiə etməklə bundan yaranan narazılığı ölkə rəhbərinin üzərinə yönəltməyə çalışırlar. İnkişaf etmiş ölkələrdə buraxılan səhvlərə görə insanlar əziyyət çəkirsə müvafiq vəzifəli şəxslər məsuliyyətdən qaçmır, dərhal sakinlərdən üzr istəyir, problemin həlli üçün konkret addımlar atırlar. Sağlam tənqiddən də çəkinmək lazım deyil. Qorxulu olan problemlərin vaxtında aradan qaldırılmaması ,yığılıb qalmasıdır.
Prezidentin Çinlə əməkdaşlığa dair iradəsi ortadadır, buna qarşı çıxan və problemlər yaratmağa cəhd edənləri isə müəyyənləşdirib cəzalandırmaq lazımdır. Biz əlverişli biznes mühiti yaratmaqla ölkəyə xarici investisiyalar cəlb etməli, istehsal və emal müəssiələri yaratmaqla yeni iş yerləri açmalı, sürətlə qeyri-neft sektorunu inkişaf etdirməli, iqtisadiyyatımızın neft gəlirlərindən asılılığını azaltmalı, ədalətli rəqabət mühiti yaratmalı, proteksionizmə tamamilə son qoymalıyıq. Xarici ölkələrdə uğurlu biznes qurmağı bacarmış azərbaycanlıları ölkəmizə investisiya qoymağa dəvət etməliyik.
Baş nazirin orta sahibkarlarla görüşünə,onların problemlərini dinləməyə böyük ehtiyac var.
– Qüdrət bəy, Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıya bilərmi?
– Bir az gözləmək lazımdır. İlham Əliyev cəsarətli qərarları ilə çox diqqət çəkib, türk dövlətlərinin yaxınlaşması üçün çox böyük işlər görüb. Ona görə yaxın gələcəkdə, ilk əlverişli beynəlxalq şərait yaranan kimi həm ədalətin təntənəsinə, həm də türk birliyinin daha da güclənməsinə xidmət edəcək belə bir qərar qəbul olunacağına inanıram. Avropa Birliyi ilə imzalanmış müqaviləyə rəğmən digər türk dövlətlərinin də Azərbaycandan sonra bu cür qərarlar qəbul edəcəklərini düşünürəm. Biz ƏHD partiyası olaraq bunun tərəfdarıyıq.