Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA), İsrailin hücumları və humanitar yardımların ölkəyə girişinə mane olan blokada səbəbiylə 18 martdan bəri Qəzza zolağında 420 min insanın didərgin düşdüyünü açıqlayıb.
Elchi.az xəbər verir ki ,UNRWA-nın İsrailin hücumları və mühasirəsi altında olan Qəzza zolağındakı mövcud vəziyyətlə bağlı hesabatı paylaşılıb.
İsrailin martın 18-də atəşkəsi pozduqdan sonra başlatdığı şiddətli hücumlar nəticəsində Qəzzada çoxlu mülki vətəndaşın həyatını itirdiyi bildirilib.
İsrailin tətbiq etdiyi blokada səbəbiylə 2 Martdan bəri Qəzzaya heç bir humanitar yardımın daxil olmadığına diqqət çəkən hesabatda, təxminən 7 həftədir davam edən blokadanın 7 oktyabr 2023-cü il tarixindən sonrakı ilk dövrə nisbətən daha şiddətli olduğu bildirilib.
İsrailin blokadası nəticəsində Qəzzada ərzaq, yanacaq, tibbi yardım və uşaqlar üçün peyvənd də daxil olmaqla kritik humanitar ləvazimatlar sürətlə tükənir.
Ötən ay Qəzzada 3700 uşaq qida çatışmazlığından müalicəyə başlayıb
Açıqlamada Qəzzada 3700 fələstinli uşağın qida çatışmazlığı səbəbindən mart ayında müalicə almağa başladığı, fevral ayında isə bu rəqəmin “2000-dən bir qədər çox olduğu” qeyd edilib.
İsrailin blokadası səbəbindən humanitar yardımın çatdırıla bilmədiyi Qəzzada əlavə qida alan uşaqların sayının mart ayında fevral ayı ilə müqayisədə 70 faizdən çox azaldığı vurğulanıb.
Qəzzada su qıtlığı ilə bağlı bildirildi ki, İsrailin hücumları nəticəsində su və kanalizasiya infrastrukturuna çıxış böyük təsirə məruz qalıb və təmiz suya çıxış son dərəcə məhdudlaşıb.
Açıqlamada Qəzzada mühüm su, su təmizləmə və gigiyena obyektlərinin İsrailin evakuasiya xəbərdarlığı və “bəzi bölgələrə giriş qadağası”ndan təsirləndiyi, 320-dən çox obyektə girişin təmin edilmədiyi qeyd edilib.
Martın 18-dən aprelin 14-dək Qəzzada 20 təxliyə xəbərdarlığı edilib
Bəyanatda UNRWA-nın beynəlxalq heyətinin 27 Martda Qəzzanı tərk etdiyi və Qəzzaya girişlərinin qadağan edildiyi, təxminən 12 min yerli fələstinli personalın ehtiyacı olanlara yardım etməyə çalışdığı açıqlanıb.
Xəbərdə İsrail ordusunun 18 mart – 14 aprel tarixləri arasında Qəzzadakı fələstinlilərə hücumdan əvvəl 20 təxliyə xəbərdarlığı etdiyi və onların evlərini tərk etmələri tələb edildiyi qeyd edilib.
Martın 18-dən Qəzzada 420 min insan didərgin düşüb
Qeyd edilib ki, orta hesabla 365 kvadrat kilometr səth sahəsi olan Qəzza zolağının təxminən 143 kvadrat kilometri İsrail ordusunun təxliyə xəbərdarlığı etdiyi ərazilərdən ibarətdir.
Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) məlumatına görə, Qəzza zolağının 69 faizi İsrailin “giriş qadağan”, “evakuasiya xəbərdarlığı” və ya hər ikisi altında olan ərazi elan edilib.
BMT-nin hesablamalarına görə, İsrail martın 18-də atəşkəsi pozduqdan və hücumlara başladıqdan sonra təxminən 420 min fələstinli didərgin düşüb.
Hesabatda Qəzza zolağı əhalisinin 90 faizinin didərgin düşdüyü, bəzi fələstinlilərin isə 10 dəfədən çox köçkün edildiyi qeyd edilib.
Oktyabrın 7-dən Qəzzada UNRWA-nın 290 əməkdaşı öldürülüb
Bildirilib ki, 90 mindən çox məcburi köçkün fələstinli UNRWA-nın Qəzza zolağında 115 sığınacaqda qalır.
2023-cü il oktyabrın 7-də İsrail ordusunun Qəzzaya hücumlarına başladıqdan sonra UNRWA-nın 290 əməkdaşının həyatını itirdiyi bildirilir.
Qəzzada humanitar böhran günü-gündən dərinləşir
İsrail HƏMAS ilə atəşkəs və məhbus mübadiləsi razılaşmasının 42 günlük birinci mərhələsinin sona çatmasından sonra martın 2-dən Qəzza zolağına humanitar yardımın daxil olmasını dayandırmaq qərarına gəlib.
İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bu yana həyata keçirdiyi hücumlar nəticəsində 2 milyon 300 min əhalisi olan Qəzza zolağında təxminən 2 milyon insan didərgin düşüb.İsrail mülki infrastruktur və xəstəxanaları da hədəf alaraq Qəzzada humanitar fəlakətə səbəb olub.
Bölgəyə su və elektrik verilişinin kəsilməsi və sərhəd qapılarının bağlı saxlanılması fələstinlilərin Qəzzada yaşadığı çətin vəziyyəti daha da dərinləşdirir.
Yanvarın 19-da Qəzza zolağında qüvvəyə minən atəşkəsdən sonra İsrail ordusu martın 18-i səhər saatlarında şiddətli hücumlarını bərpa edib.
İsrail ordusu yenidən hücumlara başladıqdan sonra əksəriyyəti qoca, qadın və uşaq olmaqla 1630 fələstinli həyatını itirib, 4302 nəfər isə yaralanıb.
İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 51 mini, yaralıların sayı isə 116 mini keçib.
Nuranə Məmmədova