Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Abbas Əraqçi İranın nüvə problemini və bu mövzuda ABŞ ilə danışıqları müzakirə ediblər.
Elchi.az xəbər verir ki, Lavrov Rusiyaya səfər edən Əraqçi ilə paytaxt Moskvada görüşüb. İki nazir görüşdən sonra mətbuat konfransı keçirib.
Görüşdə çıxış edən Lavrov, Rusiya- İran əlaqələrinin təzyiq və sanksiyalara baxmayaraq yaxşılaşdığını qeyd edərək, “Ötən il ikitərəfli ticarət həcmi 13 faiz artaraq 5 milyard dollara çatıb” deyib.
İki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq sazişinin imzalandığını qeyd edən Lavrov bunun ikitərəfli münasibətlərə müsbət təsir edəcəyini vurğulayıb.
Lavrov qeyd edib ki, İran və Avrasiya İqtisadi İttifaqı arasında 2023-cü ildə imzalanmış azad ticarət sazişi mayın 15-də qüvvəyə minəcək.
İran və ABŞ arasında aparılan danışıqlar prosesinə toxunan Lavrov bunu müsbət qarşıladıqlarını və bu prosesə töhfə verməyə hazır olduqlarını bildirib.
Lavrov, “İranın qanuni maraqlarını nəzərə alan razılaşmaları dəstəkləyəcəyik. İranın xeyrinə olacaq və ABŞ üçün məqbul olan hər cür rol oynamağa, yardım etməyə, vasitəçilik etməyə hazırıq. Bu halda yeganə variantın nüvə məsələsində razılığa gəlmək olduğuna inanırıq” deyə bildirib.
İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində həll yolu tapmağa hazır olduğunu bildirən Lavrov, “Nüvə mövzularından başqa məsələləri danışıqlarda gündəmə gətirməyə çalışanlar bunu nəzərə almalıdır. Bu, riskli vəziyyət yaradır” ifadəsini işlədib.
“Amerikalıların niyyətindən şübhələnirik”
İranın xarici işlər naziri Əraqçi də dünən Rusiya prezidenti Vladimir Putinlə görüşdüyünü və İranın ali dini lideri Ayətullah Əli Xameneinin məktubunu Putinə çatdırdığını bildirib.
“Putinlə görüş məhsuldar və konstruktiv keçdi. Bu, Rusiya ilə münasibətlərimizin düzgün istiqamətdə getdiyini göstərir”, – Əraqçi bildirib.
Əraqçi, İran prezidenti Məsud Pezeşkianın Putini İrana dəvət etdiyini və bu səfərin il ərzində reallaşacağına ümid etdiklərini, İran parlamentinin Rusiya ilə hərtərəfli strateji tərəfdaşlıq müqaviləsini tezliklə təsdiqləyəcəyini bildirib.
Qəzzadakı vəziyyətə də toxunan İrakçi, “Qəzzada cinayətlər törədilir, soyqırım törədilir. Təəssüf ki, bütün bu hadisələr Qərb ölkələrinin susqunluğu üzündən baş verir. Qəzzada insanların didərgin salınması qəbuledilməzdir. Fələstində sülhün əldə olunması üçün bütün hüquqi vasitələrdən istifadə edilməlidir” deyib.
Yəməndəki vəziyyətlə bağlı Əraqçi, “ABŞ-ın Yəməndəki hərəkətlərini pisləyirik. Ümid edirik ki, Yəmən xalqına qarşı törədilən cinayətlər dayandırılacaq”. O, öz qiymətləndirməsini belə bölüşüb.
Əraqçi ABŞ ilə nüvə danışıqlarının ikinci raundunun sabah baş tutacağını bildirib və bunları qeyd edib:
“Amerikalıların bu məsələ ilə bağlı niyyətlərinə şübhəmiz var. Qeyri-real tələblər razılığa gəlmək şansını azaldacaq. Əgər amerikalılar niyyətlərində ciddi olduqlarını göstərsələr və qeyri-real tələblər irəli sürməsələr, razılaşma əldə oluna bilər. ABŞ administrasiyasının təhdidləri, sanksiyaları və təzyiq yanaşması səbəbindən biz birbaşa danışıqlar apara bilmirik. Biz dolayı yolla danışıqlar aparmağa davam edəcəyik”.
Rusiyanın nüvə proqramındakı rolu ilə bağlı Əraqçi, “Rusiyanın bunu dəstəkləyəcəyinə və mümkün razılaşmada rol oynayacağına ümid edirik. Lavrov bu mövzuda işlərin davam etdiriləcəyinə əmin oldu. Bu istiqamətdə inkişaflar barədə rusiyalı və çinli həmkarlarımızı məlumatlandırmaqda davam edəcəyik” – deyə qiymətləndirmə aparıb.
İran və ABŞ arasında danışıqlar prosesi
2018-ci ildə ölkəsini İranla nüvə sazişindən birtərəfli qaydada çıxaran ABŞ prezidenti Donald Tramp ötən ay İran lideri Xamneiyə məktub göndərərək İranla birbaşa nüvə danışıqlarına çağırıb. İran Oman vasitəsilə məktuba cavab verib.
Məktub trafikindən sonra aprelin 12-də İran və ABŞ Omanda dolayı danışıqlar aparıblar. Danışıqlar nəticəsində həm İran, həm də ABŞ tərəfləri danışıqların “müsbət və konstruktiv” olduğunu bəyan ediblər.
Tərəflər aprelin 19-da yenidən görüşəcəklərini açıqlayıblar.Daha əvvəl Omanda keçiriləcəyi açıqlanan danışıqların ikinci mərhələsinin İtaliyanın paytaxtı Romada keçiriləcəyi açıqlanmışdı.
ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff ötən gün Fox News telekanalına verdiyi açıqlamada İranın 2015-ci il nüvə sazişində uranın 3,67 faiz zənginləşdirilməsi tələbini qəbul etdiyini bildirib.
Vitkoff daha sonra verdiyi açıqlamada İranın uranın zənginləşdirilməsini dayandırmalı olduğunu bildirib. İranın xarici işlər naziri Abbas Əraqçi nüvə proqramı ilə bağlı narahatlıqları aradan qaldırmağa hazır olduqlarını, lakin ölkəsinin uranı zənginləşdirmək hüququ ilə bağlı danışıqlara getməyəcəklərini bildirib.
Nuranə Məmmədova