BMT-nin baş katibi Antonio Quterreş Rusiyanın Ukraynanın Sumı şəhərinə çoxlu insanın ölümünə səbəb olan ballistik raket hücumundan sonra daimi atəşkəs çağırışını təkrarlayıb.
Elchi.az xəbər verir ki, BMT sözçüsü Quterreşin Ukraynadakı hücumlara reaksiyası ilə bağlı yazılı açıqlama verib.
Bəyanatda hücumun Pasxa bayramı öncəsi “müqəddəs həftə”də baş verdiyi qeyd edilib və Ukraynada daimi atəşkəs çağırışları təkrarlanıb.
Bəyanatda mülki şəxslərə və mülki infrastrukturlara qarşı hücumların beynəlxalq humanitar hüquqa zidd olduğu və bu cür hücumların harada baş verməsindən asılı olmayaraq dərhal dayandırılmasının vacibliyi vurğulanıb.
Bəyanatda deyilir ki, BMT Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü tam qoruyan ədalətli, davamlı və hərtərəfli sülh üçün səyləri dəstəkləməyə davam edəcək.
Rusiya ordusunun bu gün Ukraynanın Sumı şəhərinə endirdiyi ballistik raket hücumunda 32 nəfərin öldüyü, 99 nəfərin yaralandığı bildirilib.
Şayəstə Hüseynova