Ermənistan parlamenti “Hayastan” müxalifət blokunun ümumi vergi bəyannamələrinin ləğvi ilə bağlı layihəsini rədd edib.
Elchi.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, 27 deputat layihənin lehinə, 59 deputat əleyhinə səs verib, bir nəfər bitərəf qalıb.
Layihə gündəliyə daxil edilməyib.
Vergi Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı layihəni “Hayastan” fraksiyasından olan deputat Tadevos Avetisyan təqdim edib. Onun sözlərinə görə, ümumi vergi bəyannamələri vətəndaşların qanunsuz gəlirlərini aşkar etməyə kömək etmir. Deputat hesab edir ki, hər şey vətəndaşlardan artıq Dövlət Gəlirləri Komitəsinin sərəncamında olan eyni məlumatları təqdim etməyi tələb etməklə məhdudlaşır.
Onun sözlərinə görə, hakimiyyət elan edir ki, vətəndaşlar gəlir bəyannaməsinin təqdim edilməsi müqabilində sosial kredit (səhiyyə və təhsil xərclərinin ödənilməsi) alacaqlar, lakin bu krediti vergi bəyannamələrinə bağlı olmadan da vermək olar.
Buna cavab olaraq hakim “Vətəndaş müqaviləsi” fraksiyasının nümayəndəsi Narek Kaqramanyan bildirib ki, plenar iclaslardan sonra çağırılacaq növbədənkənar iclasda vergi bəyannamələrinin təqdim edilməsinin son müddəti mayın 1-dən noyabrın 1-nə qədər təxirə salınacaq. O, həmçinin xatırladıb ki, bəyannamə təqdim edən təxminən 12 min nəfər artıq 90-100 min dram (təxminən $255) məbləğində sosial kredit alıb.
2025-ci ildə gəlir vergisi bəyannamələrini (2024-cü il üçün) Ermənistanda yaşayan xarici vətəndaşlar və Ermənistan vətəndaşı olan qeyri-rezidentlər istisna olmaqla, bütün muzdlu işçilər təqdim etməlidirlər.