image-30backend

Enerji diplomatiyasının yeni uğurları və hədəfləri 

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları bir daha regionumuzun geostrateji, ölkəmizin geosiyasi və geoiqtisadi əhəmiyyətini, eyni zamanda, bu Azərbaycanın qlobal enerji koalisiyasında dayanmadan artan nüfuzunu nümayiş etdirdi.

Dünyanın enerji sənayesi elitasını bir araya gətirən, uğurlu və nümunəvi bir modelə çevrilmiş bu mötəbər tədbirlərin açılış mərasiminə Prezident İlham Əliyevin qatılması və hər dəfə yeni məzmunlu çıxışı Məşvərət Şurasının statusunu və əhəmiyyətini daha da artırır.

Hər iki tədbirdə dünyanın 24 ölkəsi, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkətinin nümayəndəsinin iştirakı isə dünyanın enerji sənayeləşməsində yaranan yeni fraqmentasiyalar fonunda mövcud reallıqların qiymətləndirilməsi və çıxış yollarının tapılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bir sözlə, dünyanın tanınmış enerji icmasının ənənəvi olaraq hər il Bakıya toplanması ölkəmizin mərkəzi coğrafiya və enerji körpüsü olmasını təsdiqləyir.

Tədbirdə çıxış edən cənab İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantılar enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynayır və hər il enerji ailəsinin sırası genişlənir. “Bu gün birgə foto çəkdirdiyimiz zaman söylədim ki, bəlkə də daha çox yer lazım olacaq, çünki komanda genişlənir. Bu, əməkdaşlığın çox yaxşı təzahürüdür. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir”.
Azərbaycan Prezidentinin vurğuladığı kimi bu tədbirlərin ana hədəfi əməkdaşlığı daha da gücləndirməkdir. Çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmaz. İkinci məqsəd tərəfdaşlarla birgə enerji təhlükəsizliyini təmin etməkdir. Qlobal enerji ailəsində özünü etibarlı və sadiq təchizatçı kimi təsdiqləmiş Azərbaycan ötən illərdə dünya ölkələrinin bir çoxunun neft və qaz təhlükəsizliyini təmin edib, həm hasilat, həm nəql olunmada dayanıqlı körpü yaradıb.

Azərbaycan uzun illər neft bumu ilə böyük bir coğrafiyanın enerji simasını dəyişdirib, Xəzər regionunda yeni bir cığır açıb, bölgədə enerji tranzitlərinin formatını müəyyənləşdirib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrini müvəffəqiyyətlə icra edərək neft strategiyasını zənginləşdirib. Son illərdə isə enerjinin yeni şaxəsi olan təbii qaz nəqli ilə yeni tədarükçü adını qazanıb. Tərəfdaşlarla birgə Cənubi Qafqaz Boru Kəməri, TANAP, TAP kimi kəmərləri reallaşdıran Azərbaycan Cənub Qaz dəhlizinin böyük bir enerji koridorunu yaradıb. Son beş ildə Avropa İttifaqının qaz təminatında koalisiyanın aparıcı üzvlərindən birinə çevrilib. Hazırda Azərbaycan 12 ölkəyə qaz ixrac edir ki, bunlardan 8-i Avropa İttifaqının üzvüdür.

Bu yüksək etimad və möhkəm tərəfdaşlığın nəticəsidir ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Azərbaycanın qaz hasilatı artdıqca bu sıra genişlənir və əlaqələndirilən interkonnektorlar vasitəsilə digər Avropa İttifaqı ölkələri də Azərbaycan qazı ilə təmin olunacaq. Eyni zamanda, Cənub Qaz Dəhlizi böyük uğur hekayəsi olmaqla arxitekturası da möhkəmlənir, qaz boru kəməri sisteminin genişləndirilməsi istiqamətində davamlı birgə səylər atılır.

3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriya olduğundan Avropanın nəhəng sərmayəçiləri, maliyyə institutları da Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı Azərbaycanla əməkdaşlıq edirlər. Bunu dünyada baş verən geosiyasi dəyişikliklər də tələb edir.

Azərbaycan nəhəng hasilat və nəqletmə layihələrini icra edərək Cənub Qaz Dəhlizinin genişləndirilməsi prosesində yeni hədəfləri müəyyən edib. Qaz hasilatında əsas mənbə olan “Şahdəniz -2” layihəsi üzrə hasilat hər il artır və təkcə bu mənbədən hazırda illik 16 milyard m3 qaz istehsal edilir. “Şahdəniz”in əlavə ehtiyatlarından başqa Xəzərdə kəşf edilmiş “Abşeron” və “Ümid” yataqları, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundakı dərin qaz ehtiyatları, olduqca perspektivli “Şəfəq-Asiman”, “Babək”, “Zəfər-Məşəl“ və başqa strukturlar da ölkəmizin potensialının artmasında mühüm rol oynayacaq. Nəticədə Azərbaycan Avropaya qaz nəqli daha da artacaq.

Sözsüz ki, hər açılan yeni enerji cığırının və strateji yol xəritəsinin müəllifi Prezident İlham Əliyevdir. Qlobal enerji ailəsinin ortaq iqtisadi dialoquna çevrilən Məşvərət Şurasının yeni özəlliyi və məzmun gətirən ən başlıca istiqaməti isə “yaşıl enerji” blokunun Bakıda formalaşmasıdır. Məsələ burasındadır ki, neft və qaz tədarüklərində Azərbaycanla birgə yer alan və Azərbaycanın enerji resurslarından faydalanan Avropa bərpaolunan enerjinin nəqlində də Azərbaycana bel bağlayır. Ölkəmiz “yaşıl enerji” sahəsində böyük potensiala malikdir. Biz öz sərmayələrimizlə fəal şəkildə inkişaf edirik. Xarici investorlara bu sahədə qurulmuş uğurlu əməkdaşlıq “yaşıl enerji” sektoruna böyük sərmayə axınlarının əsasını qoyub. Cənab Prezidentin qeyd etdiyi kimi, “bu gün Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarımızla artıq imzalanmış müqavilələr bizə 2030-cu ilə qədər altı giqavat günəş və külək enerjisi təmin edəcək”.
“Yaşıl enerji” gündəliyində ən cəlbedici bölgə isə Şərqi Zəngəzur və Qarabağdır, Bu bölgədə artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq.

Yeri gəlmişkən, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Azərbaycan Hökuməti və “Enerso Cəbrayıl” MMC, “Clean Energy Jabrayil” MMC arasında imzalanmış sazişlərə əsasən, Cəbrayıl rayonunda 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası və 50 MVt gücündə “Şəms” Günəş Elektrik Stansiyası inşa olunacaq. Azərbaycan Energetika Nazirliyi və “Nobel Energy Limited” şirkəti arasında imzalanmış digər saziş isə Naxçıvan şəhərində 30 MVt gücündə Günəş Elektrik Stansiyasının tikintisini nəzərdə tutur. Nəticədə, “yaşıl enerji”nin yeni trayektoriyası olan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun ekosisteminin bərpası da nikbin perspektiv vəd edir.

Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinə dair imzalanan memorandum, eləcə də “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə memorandum tərəfdaş ölkələrin “yaşıl koalisiyanı” formalaşdırır və Mərkəzi Asiya‒Trans-Xəzər enerji dəhlizinin reallaşmasına səbəb olacaq.

Beləliklə, Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları Azərbaycanın enerji sahəsində qazandığı uğur hekayələrinin yeni səhifəsinin açıldığını, ələlxüsus da qlobal təşəbbüskarlığının yeni platformasının – “yaşıl enerji” alyansının formalaşdığını əks etdirməklə ölkəmizin siyasi və iqtisadi iradəsini nümayiş etdirdi.

Ramid Namazov
Milli Məclisinin deputatı

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki