image-64bbd52d-e215-350f-ae2f-51420ab8fe4b_850backend

Əmanətlərin Sığortalanması Fondu aktivlərini 15 % artırıb

2023-cü il dekabrın 31-nə Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) cəmi aktivləri 651,398 milyon manat təşkil edib.

Elchi.az ƏSF-nin KPMG beynəlxalq auditor şirkəti tərəfindən audit olunan maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci il dekabrın 31-nə nisbətən 15 % çoxdur.

2023-cü ildə ƏSF-nin cəmi öhdəlikləri 53 % artaraq 448,374 milyon manata, o cümlədən kompensasiya ödənişləri üzrə öhdəlikləri 8,9 dəfə artaraq 200,302 milyon manata çatıb, cəmi kapitalı isə 25,7 % azalaraq 203,023 milyon manata düşüb.

ƏSF 2007-ci ildə yaradılıb. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin may ayında “Günay Bank” ASC-nin, oktyabr ayında isə “Muğan Bank” ASC-nin lisenziyalarını ləğv edib. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarları ilə hər iki bank müflis elan olunub, onların barəsində iflas proseduruna başlanılıb və ƏSF bankların ləğvedicisi təyin edilib. Fondun “Günay Bank” üzrə təxminən 35 milyon manat, “Muğan Bank” üzrə isə təxminən 205 milyon manat – ümumilikdə 240 milyon manat kompenasiya öhdəliyi olub və bunun böyük hissəsi icra edilib. Kompensasiya ödənişinin kəskin artması bununla bağlıdır.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki