Qərbi Afrikanın Fil Dişi Sahili ölkəsindəki kakao istehsalçıları iqlim dəyişikliyi, aşağı qiymətlər və ədalətsiz ticarət şərtləri səbəbindən məhsuldarlığın ciddi şəkildə azaldığını və tədbirlər görülməsə, 2030-cu ilə qədər bütün kakao ağaclarının yox ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Elchi.az xəbər verir ki, xüsusilə dünyanın ən böyük kakao istehsalçısı olan Fil Dişi Sahilinin Bafing-Tonkpi bölgəsində fəaliyyət göstərən fermerlər qlobal bazarlara, xüsusən də Avropa ölkələrinə, o cümlədən Böyük Britaniyaya kakao tədarük edirlər.
Bununla belə, uzun illər aşağı qiymət siyasəti və qeyri-adekvat investisiyalar istehsalçıları böyük böhran həddinə çatdırıb.
Yeyasso adlı fermer kooperativi, 5000 istehsalçısının istehsal etdiyi kakaonun miqdarının son illərdə 30 faiz azaldığını və bir çox fermerin rezin və xurmaya müraciət etməsinə səbəb olduğunu açıqladı.
İqlim böhranı məhsuldarlığı azaldır
Yeyassoda fermer lideri Biabate Posseni bildirib ki, qeyri-müntəzəm yağış və günəş səbəbindən məhsullar zədələnib.
Posseni, “Yağış gözlədiyimiz vaxt gəlmir və günəş işığı olması lazım olan zaman güclü yağışla qarşılaşırıq. Belə davam edərsə, 2030-cu ilə qədər kakao ağaclarımız qalmaya bilər” deyib.
Bogouine bölgəsinin fermeri Vemo Bakayoko bildirib ki, 10 il əvvəl fermasında ildə 700 kiloqram kakao istehsal edirdisə, keçən il bu rəqəm 300 kiloqrama düşüb.
“Xəstəliklərə görə istehsal demək olar ki, iki dəfə azalıb. Biz hər il nə gözlədiyimizi bilmirik” Bakayoko deyib.
Viruslar və xəstəliklər yayılır
Bölgədəki digər problem kakao ağaclarına təsir edən “şişmiş tumurcuq xəstəliyi” kimi tanınan virus infeksiyasıdır.
2016-cı ildə dörd hektarlıq fermasını xəstəlikdən itirmiş fermer Fabrice Flan, “Bütün fermam məhv edildi. Bu mənim yeganə gəlir mənbəyim idi” dedi.
Həll təklifləri və hökumət siyasəti
Fil Dişi Sahilinin Kənd Təsərrüfatı Nazirliyinin regional direktoru Tomas Adei hökumətin əsas siyasəti kimi aqromeşə təsərrüfatını dəstəklədiklərini bildirdi.
İstehsalçıları təsərrüfatlarında meyvə və kölgəli ağaclar əkməyə çağırdıqlarını qeyd edən Adei, 1960-cı illərdə istehsalın artmasına baxmayaraq, meşələrin həddindən artıq istismar edildiyini və bunun uzun müddətdə məhsuldarlığı ciddi şəkildə aşağı saldığını vurğuladı.
Avropada qüvvəyə minmiş meşələrin qırılması qaydalarına hazırlıq çərçivəsində ölkədə istehsalçı şəxsiyyət vəsiqələri yaradılır və hər bir təsərrüfat üzrə istehsal məlumatları qeydə alınır.
Şayəstə Hüseynova