ABŞ prezidenti Donald Tramp “qlobal liderliyi bərpa etmək” üçün ölkəsinin dənizdə mədənçıxarma potensialının artırılmasını nəzərdə tutan sərəncam imzalayıb.
Elchi.az xəbər verir ki, Ağ Evin bəyanatında Trampın imzaladığı sərəncamla bağlı təfərrüatlar yer alıb.
Sərəncamda həm ABŞ-ın kontinental şelfində, həm də milli dəniz yurisdiksiyasından kənar ərazilərdə dəniz dibində faydalı qazıntıların kəşfiyyatı, hasilatı və emalı işlərinin sürətləndirilməsinin nəzərdə tutulduğu və ölkənin bu sahədə potensialının artırılmasının hədəfləndiyi vurğulanıb.
Məqsədin ölkənin müdafiə, enerji və infrastruktur sahələrindəki ehtiyaclarını dəniz dibi ehtiyatlarından əldə ediləcək strateji faydalı qazıntılarla təmin etmək olduğunu ifadə edən fərmanda, ABŞ-ın kontinental şelfində faydalı qazıntıların kəşfiyyatı və emalına özəl sektorun investisiyalarını təşviq etmək üçün bir prosesin başlanacağı bildirildi.
Sərəncamda dəniz dibinin xəritələşdirilməsi üzrə tədqiqatların gücləndiriləcəyi və dənizin dibindən çıxarılan ehtiyatların strateji ərazilərdə istifadə oluna biləcəyinin qiymətləndiriləcəyi qeyd edilib.
ABŞ-ın Çinin bu sahədə artan təsirinə qarşı müttəfiq ölkələr və özəl sektorla əməkdaşlığı inkişaf etdirəcəyi bildirilib, beynəlxalq əməkdaşlıq və ekoloji davamlılıq çərçivəsində ümumi mənafeyə çalışmağın vacibliyi vurğulanıb.
İcra sərəncamında deyilirdi ki, Tramp administrasiyası ABŞ-ı kritik mineralların istehsalında “qlobal lider mövqeyə” çıxarmağı hədəfləyir.
Nuranə Məmmədova