Pekin administrasiyası ABŞ prezidenti Donald Trampın Çinlə tarif danışıqlarının davam etdiyinə dair iddiasını bir daha təkzib edib və Vaşinqtonun ictimaiyyəti çaşdırdığını iddia edib.
Elchi.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun, paytaxt Pekində keçirilən adi mətbuat konfransında mövzu ilə bağlı suala “ABŞ və Çin tariflərlə bağlı məsləhətləşmələr və ya danışıqlar aparmır” deyə cavab verib.
Sözçü Quo Vaşinqton administrasiyasını tariflərlə bağlı ictimaiyyəti çaşdırmağı dayandırmağa çağırıb.
Çin ABŞ prezidenti Donald Trampın aprelin 2-də açıqladığı “qarşılıqlı tariflərə” reaksiya verib və eyni şəkildə cavab verib. İki ölkə arasında tariflərin hesablaşması nəticəsində ABŞ Çinə tətbiq etdiyi tarifləri 145 faizə, Pekin isə 125 faizə qaldırıb.
Vaşinqton administrasiyası digər ölkələrə tətbiq etdiyi qarşılıqlı tarifləri 90 gün təxirə salsa da, Çini hədəf alan tariflər artıq qüvvəyə minib.
Trampın “danışıqları aktivdir” iddiası
ABŞ prezidenti Tramp ötən gün Oval Ofisdə keçirilən imza mərasimində ABŞ və Çin arasındakı tarif mübahisəsindən danışaraq, bu mövzuda Çinlə “danışıqların aktiv olduğunu” deyib.
Çinin Ticarət Nazirliyi və Xarici İşlər Nazirliyinin sözçüləri dünən Trampın iddiasını təkzib edən açıqlamalar veriblər.
Buna baxmayaraq, ABŞ prezidenti danışıqların davam etdiyinə dair iddiasını təkrarlayıb.
Şayəstə Hüseynova