Rusiya Müdafiə Nazirliyi son bir həftədə Donetsk vilayətində 5 yaşayış məntəqəsini ələ keçirdiklərini açıqlayıb.
Elchi.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada 19-25 aprel tarixləri arasında Rusiya -Ukrayna müharibəsində Rusiya ordusunun fəaliyyəti ilə bağlı məlumatlar paylaşılıb.
Açıqlamada bildirilib ki, həftə ərzində Ukraynanın hərbi sənaye elementlərinə və Ukrayna əsgərləri və əcnəbi muzdluların müvəqqəti yerləşdiyi nöqtələrə yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar təşkil edilib, 993 Ukrayna PUA-sı vurulub.
Son bir həftədə Donetsk vilayətində 5 yaşayış məntəqəsinin Rusiya ordusu tərəfindən ələ keçirildiyi vurğulanan bəyanatda , “Donetsk Xalq Respublikasının Novomihaylovka, Şevçenko, Suhaya Balka, Tarasovka və Boqdanovka qəsəbələri azad edilib”. ifadəsindən istifadə edilmişdir.
Açıqlamada deyilir ki, müharibə başlayandan indiyədək Ukraynaya məxsus 661 təyyarə, 283 helikopter, 53 585 İHA, 605 hava hücumundan müdafiə raket sistemi, 23 mindən çox tank və zirehli texnika, 1553 reaktiv yaylım atəşi sistemi, 24 mindən çox haubitsa və minaatan məhv edilib.
Rusiyanın Kursk bölgəsində iki ordu arasında qarşıdurmaların davam etdiyi bildirilən açıqlamada Ukrayna ordusunun 2024-cü ilin avqustundan bu yana Kursk istiqamətində təxminən 76 min əsgər, 412 tank, 337 piyada döyüş maşını, 311 zirehli personal daşıyıcısı və 2286 zirehli texnika itirdiyi qeyd edilib.
Nuranə Məmmədova