Çin Ticarət Nazirliyi: Pekin öz maraqları bahasına bağlanan sövdələşmələri qəbul etmir.
Elchi.az xəbər verir ki, Çin digər ölkələrdən onun maraqlarını poza biləcək əməliyyatları qəbul etmir və belə hərəkətlər olacağı təqdirdə Pekin müvafiq əks tədbirlər görməyə hazırdır. Bu barədə ABŞ-ın Çini iqtisadi cəhətdən təcrid etmək planlarını şərh edən Çin Ticarət Nazirliyinin bəyanatında deyilir.
“Çin bütün tərəflərin Birləşmiş Ştatlarla ticarət və iqtisadi mübahisələri bərabər məsləhətləşmələr yolu ilə həll etmək istəklərinə hörmətlə yanaşır”, – nazirliyin saytındakı bəyanatda deyilir.
Sənəddə vurğulanır ki, bütün tərəflər “qarşılıqlı tariflər” məsələsində ədalətli hərəkət etməli, beynəlxalq ticarət-iqtisadi normaları və çoxtərəfli ticarət sistemini qorumalıdır.
“Qeyd etmək vacibdir ki, Çin onun maraqlarına xələl gətirən hər hansı sövdələşmələrə qəti şəkildə qarşıdır. Bu cür hərəkətlər olacağı təqdirdə Çin kənara çəkilməyəcək və adekvat cavab tədbirləri görəcək. Çinin öz maraqlarını müdafiə etmək əzmi və resursları var”, – bəyanatda deyilir.
Bundan əvvəl Çin Ticarət Nazirliyi qlobal ticarətin hegemonluq və proteksionizmlə “cəngəllik qanunu”na çevrilməsi halında bütün ölkələrin zərər görəcəyini bəyan etmişdi.
Aprelin 2-də Donald Tramp 185 ölkə üçün idxal rüsumlarının yeni sistemini tətbiq edib. Baza dərəcəsi bütün idxal olunan mallar üzrə 10%, ayrı-ayrı ölkələr üçün isə xeyli yüksək olub – Çin üçün 34%, Vyetnam üçün 46% və Avropa İttifaqı üçün 20%. Buna cavab olaraq Çin də Amerika mallarına 34% rüsum tətbiq etdi. Dünya liderləri Trampın qərarını pisləyərək qisas alacağı ilə hədələyiblər.
Bundan əvvəl Trampın onlarla ölkə üçün tariflərin tətbiqini niyə dayandırdığı məlum olub.
Şayəstə Hüseynova