Kambocada xidmət edən təlim keçmiş siçan Ronin 109 mina və 15 sursat taparaq rekord qırıb. Xüsusi qoxu təhsili almış siçanlar müharibə qalıqlarının təmizlənməsində mühüm rol oynayır.
Elchi.az xəbər verir ki, siçovulların adətən yaxşı reputasiyası olmasa da, Tanzaniya əsilli Ronin bunu dəyişmək üzrədir. Xüsusi təlim keçmiş Ronin qoxu qabiliyyəti ilə gizli minaları aşkar edir və insanların həyatını xilas edir.
Afrika nəhəngi kisəli siçovul olan Ronin 2021-ci ilin avqustundan 2025-ci ilin fevralına qədər Kambocanın Siem Reap şəhərində 109 mina və 15 partlamamış hərbi sursat aşkar edərək dünya rekordu qırdı. Ginnesin Rekordlar Kitabı tərəfindən təsdiqlənən müvəffəqiyyət, bu sahədə ən çox aşkarlama sayı olaraq qeyd edildi.
Minalar hələ də böyük təhlükə yaradır
Minalar hələ də keçmiş döyüş bölgələrində minlərlə insanın həyatına son qoyur. 1979-cu ildən bəri Kambocada minalardan 65 mindən çox insan həlak olub və ya yaralanıb.
Minaların aşkarlanması olduqca təhlükəli və zəhmətlidir. Halbuki siçanların bu mövzuda böyük üstünlüyü var: Çox yüngül olduqları üçün minaları işə salmırlar, yüksək zəkaları və qoxu duyğuları sayəsində asanlıqla partlayıcı tapa bilirlər.
Ronin kimi siçanlar 4 günü 30 dəqiqəyə qədər azaldır
Ronin Belçikada yerləşən APOPO adlı qeyri-hökumət təşkilatı tərəfindən təlim keçmişdi. Bu təşkilatın öyrətdiyi 100-dən çox siçan həm minaların aşkarlanmasında, həm də vərəm kimi xəstəliklərin diaqnostikasında istifadə olunur.
Ronin də daxil olmaqla komanda cəmi 30 dəqiqə ərzində tennis kortu boyda ərazini skan edə bilir. İnsan eksperti detektorla eyni işi görürsə, bu proses 4 gün çəkə bilər.
Kambocada təhlükə davam edir
Ronin mina sıxlığının ən yüksək olduğu ərazilərdən biri olan Preah Vihear əyalətində yerləşdirilib. Bu ərazi 20-ci əsrdəki münaqişələr, xüsusən Vyetnam müharibəsi zamanı ABŞ-ın bombardmanları səbəbindən çox çirklənmişdir.
Təkcə Kambocada hələ də yeraltı 4-6 milyon mina olduğu təxmin edilir.
Şayəstə Hüseynova