Yəməndə İranın dəstəklədiyi husilər ABŞ raketinin afrikalı miqrantların məskunlaşdığı binaya düşməsi nəticəsində 35 nəfərin öldüyünü açıqlayıb.
Elchi.az xəbər verir ki, Husilərə bağlı Əl-Məsirə televiziyasında yayımlanan xəbərə görə, ABŞ döyüş təyyarələrindən atılan raket Səada şəhərində afrikalı miqrantların sığınacağına düşüb.
Sözügedən binadan 35 cəsədin çıxarıldığı, 30 nəfərin isə hələ də itkin düşdüyü bildirilib.
Mülki müdafiə və Yəmən Qızıl Aypara qruplarının binada axtarış-xilasetmə işlərini davam etdirdiyi bildirilib.
YƏMƏNƏ HAVA HÜCUMLARI
Husilər martın 7-də İsrailə yardımın Qəzzaya girməsinə icazə verməsi üçün 4 gün vaxt verdiklərini, əks halda İsrailə qarşı dəniz əməliyyatlarına yenidən başlayacaqlarını açıqlayıb.
ABŞ prezidenti Donald Tramp martın 15-də Truth Social platformasında verdiyi açıqlamada orduya Yəməndə husilərə qarşı “kütləvi hücum” əmri verdiyini bildirib.
Bildirilib ki, ABŞ martın 15-dən sonra Yəmənə 1000-dən çox hava hücumu həyata keçirib və nəticədə əksəriyyəti qadın və uşaqlar olmaqla 217 nəfər ölüb, 436 yəmənli isə yaralanıb.
Şayəstə Hüseynova