Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 22-24-də Çinə dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafı üçün tarixi hadisədir.
Elchi.az xəbər verir ki, bu barədə Çinin Bakıdakı səfiri Lu Mey aprelin 28-də keçirilən mətbuat konfransında bildirib.
“Çin Sədri Si Cinpinin dəvəti ilə aprelin 22-24-də Azərbaycan Prezidenti İlham Əliyev Çinə dövlət səfəri edib. Azərbaycanda yeni təyin olunmuş Çin səfiri kimi iki ölkənin dövlət başçıları arasında fikir mübadiləsinin bu mühüm tarixi anının və ikitərəfli münasibətlərin yeni səviyyəyə qaldırılmasının şahidi olmaq şərəfinə nail oldum”, – diplomat bildirib.
Səfir bildirib ki, Prezident İlham Əliyev Çinə yeddi dəfə səfər edib, Çin Sədri Si Cinpin ilə indiyədək 10-dan çox görüş keçirilib.
“Prosesin əvvəlindən sonuna qədər bu səfərdə iştirak edərək, ən çox hiss etdiyim odur ki, dövlət başçılarının diplomatiyası Çin-Azərbaycan münasibətlərinin inkişafı üçün bir kompas rolunu oynayır. İki dövlətin başçıları yaxşı iş münasibətləri qurub və şəxsi dostluq əlaqələrini möhkəmləndiriblər. Məhz onların strateji rəhbərliyi altında Çin-Azərbaycan münasibətləri daim yeni səviyyəyə qalxır və tarixdə ən yüksək səviyyəyə çatıb”, – L.Mey bildirib.