Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnologiya, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlığa dair Müştərək Komissiyanın 8-ci iclası keçirilib.
Bu barədə Elchi.az-a Nazirlər Kabinetindən bildirilib.
İclasdan əvvəl Komissiyanın həmsədrləri Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih arasında ikitərəfli görüş baş tutub. Görüşdə iki ölkə arasında mövcud əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Söhbət zamanı enerji sektorunda əməkdaşlıq, Azərbaycanın qeyri-neft sənayesi məhsullarının Səudiyyə Ərəbistanına ixracının genişləndirilməsi, turizm sahəsində birgə layihələrin həyata keçirilməsi kimi məsələlər müzakirə olunub.
Müştərək Komissiyanın 8-ci iclasında iqtisadiyyat, ticarət, logistika, investisiya və digər prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Baş nazirin müavini Samir Şərifov iclasda çıxışı zamanı dövlət başçılarının müəyyən etdiyi strateji hədəflərə çatmaq istiqamətində atılan addımlar və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. O, Səudiyyə Ərəbistanı ilə münasibətlərin inkişafının Prezident İlham Əliyevin müəyyən etdiyi Azərbaycanın əsas xarici siyasət prioritetlərindən biri olduğunu vurğulayıb.
Energetika, yaşıl enerji və infrastruktur layihələri sahəsində əməkdaşlığa toxunan Baş nazirin müavini qeyd edib ki, “ACWA Power” şirkəti artıq Abşeron və Xızı rayonlarında 240 MVt gücündə külək elektrik stansiyası inşa edir. Həmçinin, “ACWA Power”, SOCAR və BƏƏ-nin “Masdar” şirkəti Xəzər dənizində 3,5 qiqavat gücündə dəniz külək elektrik stansiyası layihəsi üzərində birgə işləyirlər. Bu təşəbbüs COP29 çərçivəsində imzalanmış üçtərəfli memorandum əsasında həyata keçirilir və Azərbaycanın enerji keçidi hədəflərinə mühüm töhfə verəcək.
Neft-qaz sektorunda əməkdaşlıq imkanlarına da toxunularaq, SOCAR ilə “Saudi Aramco” arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan danışıqların uğurla davam etdiyi bildirilib. Bu əməkdaşlıq hər iki şirkətin beynəlxalq bazarlarda mövqelərinin güclənməsinə xidmət edəcək.
Komissiyanın digər həmsədri, Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih çıxışında Səudiyyə Ərəbistanının Azərbaycanla ticarət əlaqələrinin inkişafında maraqlı olduğunu, ticarət dövriyyəsinin artırılması, energetika, investisiya, turizm, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsinə önəm verdiklərini bildirib. O, Səudiyyə Ərəbistanı şirkətlərinin bu sahələrə investisiya yatırmaq niyyətini də ifadə edib.
İclasın yekununda aşağıdakı istiqamətlər üzrə anlaşma memorandumları imzalanıb:
– Dənizçilərin sertifikatlarının qarşılıqlı tanınması;
– Bitki mühafizəsi və karantin sahəsində əməkdaşlıq;
– Kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq.
Eyni zamanda Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Hökuməti arasında Müştərək Komissiyanın 8-ci iclasının Protokolu komissiyanın həmsədrləri tərəfindən imzalanıb.
Həmin gün Səudiyyə Ərəbistanı–Azərbaycan İnvestisiya Dəyirmi Masası təşkil olunub. Tədbirdə hər iki ölkənin hökumət nümayəndələri və iri biznes dairələrinin təmsilçiləri iştirak ediblər.
Dəyirmi Masada çıxış edən Baş nazirin müavini Samir Şərifov bu cür görüşlərin hökumət və biznes dairələri arasında açıq dialoq üçün mühüm platforma olduğunu qeyd edib.
Baş nazirin müavini Səudiyyə Ərəbistanının rəsmilərini və biznes nümayəndələrini işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələri və iqtisadi perspektivlərlə tanış edərək, onları bu bölgələrə investisiya qoymağa dəvət edib.
Baş nazirin müavini Səudiyyə Ərəbistanlı iş adamlarına Azərbaycanın turizm potensialı barədə ətraflı məlumat verib və vurğulayıb ki, son beş ildə ölkəmizə ən böyük turist axını 2024-cü ildə qeydə alınıb. Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı 2024-cü ildə 98 113 nəfər təşkil edib və bu 2023-cü illə müqayisədə 20 %-dən çox artım deməkdir. Bu dinamika Azərbaycanın turizm potensialının gücləndiyini, beynəlxalq bazarda daha cəlbedici destinasiyaya çevrildiyini və turizm strategiyalarının uğurlu nəticə verdiyini göstərir. Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında müntəzəm aviasiya reyslərinin mövcudluğu qarşılıqlı turist mübadiləsinin genişlənməsinə müsbət təsir edir.
Baş nazirin müavini əlavə edib ki, “Saudi Vision 2030” hədəfləri çərçivəsində həyata keçirilən layihələr azərbaycanlı investorlar tərəfindən böyük maraqla izlənilir və investisiya imkanları nəzərdən keçirilir.Azərbaycan tikinti şirkətləri böyük layihələrin həyata keçirilməsində uğurlu təcrübəyə malikdirlər və onlar “Saudi Vision 2030” hədəfləri çərçivəsində layihələrin icrasına qoşula bilərlər. Baş nazirin müavini qarşılıqlı investisiyaların təşviqi, sahibkarlara investisiya layihələrini həyata keçirmək üçün dəstəyin göstərilməsi məqsədilə hər iki ölkənin müvafiq qurumlarının sahibkarların yanında olmağa və layihələrin reallaşdırılmasına kömək etməyə hazır olduqlarını diqqətə çatdırıb.
Səfər çərçivəsində Baş nazirin müavini Samir Şərifov Azərbaycan–Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 6-cı iclasında da iştirak edib. O, iclasda Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, ticarət dövriyyəsinin artırılması və məhsul çeşidinin şaxələndirilməsi imkanları haqda danışıb.
Qeyd edək ki, Azərbaycan–Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası 2022-ci ildə yaradılıb. Hər iki ölkənin biznes nümayəndələrinin təmsil olunduğu bu Şura sahibkarların təşəbbüslərini dəstəkləyir, onlar arasında birbaşa əlaqələrin qurulmasına, qarşılıqlı səfərlərin və görüşlərin təşkilinə, eləcə də informasiya mübadiləsinə yardım göstərir.