Aprelin 26-da İranın Fars körfəzi sahillərində yerləşən Bəndər Abbas şəhərindəki limanda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 70-ə çatıb.
Elchi.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Böhran İdarəetmə sözçüsü Hüseyn Zefari Hörmüzqan vilayətinin Bəndər Abbas şəhərinin Şəhid Rəcai limanında həyatını itirənlərin sayının 70-ə yüksəldiyini açıqlayıb.
Zeferi partlayışdan sonra yaralanan və xəstəxanaya qaldırılan 1072 nəfərin evə buraxıldığını, 120 nəfərin isə müalicəsinin davam etdiyini bildirib.
Aprelin 26-da günorta saatlarında İranın cənubunda Fars körfəzi sahillərində yerləşən Bəndər Abbas limanında şiddətli partlayış baş verib.
Sonuncu dəfə limanda bəzi konteynerlərin partlaması nəticəsində baş verən hadisədə ölənlərin sayının 65-ə çatdığı, yaralıların sayının isə 1000-i keçdiyi bildirilmişdi.
Hadisə yerindən görüntülər limanın bir hissəsinə böyük ziyan dəydiyini göstərir.
İran rəsmiləri partlayışın təxribat olduğuna dair hələlik heç bir sübut əldə etmədiklərini bildiriblər. Daxili işlər naziri İsgəndər Mumini bildirib ki, partlayış “səhlənkarlıq” nəticəsində baş verib.
Partlayışdan sonra başlayan yanğın iki günlük işdən sonra dünən söndürülüb.