Bu gün Bakıda regional iqtisadi əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyətə malik olan Turan Tekstil Sərgisinin açılış mərasimi keçirilib.
Elchi.az xəbər verir ki, mərasimdə müxtəlif dövlət qurumlarının rəsmiləri, türk dövlətlərindən gəlmiş iş adamları, yerli sahibkarlar və digər qonaqlar iştirak ediblər.
“Azərbaycan Françayzinq Assosiasiyası” (AFA) İctimai Birliyinin sədri Camid Mövsümov bildirib ki, bu sərgi təkcə tekstil sənayesinin inkişafına deyil, eyni zamanda türk dövlətləri arasında iqtisadi və mədəni əlaqələrin gücləndirilməsinə xidmət edir.
Onun sözlərinə görə, sərgi, iştirakçı ölkələr arasında yeni əməkdaşlıq imkanlarının yaradılması, biznes tərəfdaşlıqlarının qurulması və regional bazarlara çıxış baxımından da əhəmiyyətli platformadır.
“Tədbirin əsas məqsədi Turan coğrafiyasına daxil olan ölkələr arasında davamlı biznes dialoqu yaratmaq, qarşılıqlı ticarət əlaqələrinin inkişafına təkan verməkdir,”-deyə C.Mövsümov vurğulayıb.
Onun sözlərinə görə, sərgidə 100-ə yaxın yerli və xarici marka, o cümlədən tanınmış tekstil istehsalçıları, dizaynerlər və sənaye nümayəndələri iştirak edir: “Türkiyə, Türkmənistan, Özbəkistan və digər ölkələrdən olan şirkətlər öz məhsullarını və texnologiyalarını təqdim edirlər. Sərgi çərçivəsində yeni məhsulların təqdimatı, ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur”.
C. Mövsümov əlavə edib ki, sabah sərgi çərçivəsində Trabzon İş Adamları Birliyindən nümayəndə heyətinin iştirakı gözlənilir: “Onların Azərbaycanda fəaliyyət göstərən şirkətlərlə bir sıra əməkdaşlıq müqavilələri imzalayacağı planlaşdırılır. Bu addım iki ölkənin sənaye və ticarət əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.
O, sərginin türk dünyası üçün xeyirli və uğurlu olacağına inandığını, belə təşəbbüslərin davamlı xarakter almasının vacibliyini qeyd edib.
Sabah başa çatacaq sərgidə yeni əməkdaşlıq imkanlarının müzakirə ediləcəyi və gələcək layihələrə dair ilkin razılaşmaların əldə ediləcəyi gözlənilir.