Hindistan Pakistanın aviaşirkətləri üçün öz hava məkanını və limanlarını bağlamaq imkanını nəzərdən keçirir.
Elchi.az xəbər verir ki, bu barədə “Economic Times” nəşri mənbələrə istinadən bildirib.
“Pakistan International Airlines” (PIA) dövlət aviaşirkəti Cənub-Şərqi Asiyanın bir neçə istiqamətinə, o cümlədən Kuala-Lumpur və Malayziyanın digər şəhərlərinə getmək üçün Hindistanın hava məkanından istifadə edir. Hindistanın hava məkanının bağlanması aviaşirkətin vəziyyətinə təsir göstərə bilər, çünki təyyarələr daha uzun yol seçməyə məcbur olacaq”, – nəşr qeyd edib.
Məlumatda qeyd olunur ki, Avropa Uçuş Təhlükəsizliyi Agentliyi 2020-ci ilin iyun ayında təhlükəsizlik səbəblərindən PIA-nın Avropada fəaliyyətini qadağan edib. Bu qadağa yalnız 2024-cü il noyabrın 29-da aradan qaldırılıb.
Pakistan və Hindistan aprelin 22-də Cammu və Kəşmirdə törədilən terror aktından sonra münasibətlərin kəskinləşməsi fonunda bir-birinə qarşı ciddi tədbirlər elan ediblər.
Öz növbəsində, Pakistan Hindistanla bütün ikitərəfli sazişlərin fəaliyyətini dayandırıb, bu ölkənin aviaşirkətləri üçün öz hava məkanını bağlayıb.