Husilər İsrail ordusunun Səna hava limanı da daxil olmaqla paytaxtın bir neçə nöqtəsinə hücum etdiyini bildirib.
Elchi.az xəbər verir ki, Husilərə bağlı Əl-Məsirə telekanalı İsrail ordusuna məxsus təyyarələrin Səna hava limanına hücum etdiyini açıqlayıb.
Bildirilib ki, İsrail və ABŞ Sənanın cənub-qərbindəki Atan bölgəsini, Sənhan rayonundakı Hizyaz Mərkəzi Elektrik Stansiyasını, Beni Haris rayonundakı Zehban Mərkəzi Elektrik Stansiyasını və Amran əyalətindəki sement zavodunu hədəf alıb.
İsrailin hücumu nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat yoxdur. Digər tərəfdən İsrail ordusu da yazılı açıqlamada Səna hava limanına hücumun məsuliyyətini üzərinə götürüb. Ordudan verilən açıqlamada hava hücumunda Səna hava limanının hədəf alındığı və hücumdan sonra Səna hava limanında uçuşların dayandırıldığı qeyd edilib.
10 fərqli nöqtə hədəf alındı
Bildirilib ki, hava limanından əlavə Səna şəhəri yaxınlığındakı bəzi elektrik stansiyaları və sement zavodu da hədəfə alınıb. İsrail mediası hücumlarda Səna və ətrafının 10 nöqtəsinin hədəf alındığını bildirib. İsrail Ordusunun sözçüsü Avichay Adraee, bir müddət əvvəl X hesabında etdiyi şərhdə qırmızı bölgədə hava limanı ilə xəritə paylaşmışdı. Adraee açıqlamasında “Sana Beynəlxalq Hava Limanı bölgəsindəki hər kəsə təcili xəbərdarlıq” dedi və bölgənin və ətrafının dərhal boşaldılmasını tələb etdi.
Nuranə Məmmədova