Dəməşqin kənarında yerləşən Əşrəfiyyə Səhnaya qəsəbəsində silahlı qruplaşmalarla toqquşmalarda Suriya təhlükəsizlik qüvvələrinin azı 16 əməkdaşı ölüb.
Elchi.az xəbər verir ki, bu barədə “İl İhbariyyə” telekanalına təhlükəsizlik xidmətinin nümayəndəsi bildirib.
O, silahlı qruplaşmaların bir neçə yolu bağladığını, ordu və təhlükəsizlik qüvvələrinin mülki insanları qorumaq və qruplaşmaların mülki şəxslərə və ictimai əmlaka zərər verməməsi üçün onları zərərsizləşdirmək məqsədilə irəliləməyə çalışdığını vurğulayıb.
Kanal həmçinin qeyd edib ki, cinayətkar qruplaşmaları təqib etmək üçün qəsəbəyə təhlükəsizlik qüvvələrinin böyük kontingenti gəlib və komendant saatı tətbiq edilib.
“Syria TV” telekanalı isə məlumat yayıb ki, Dəməşqi Dəraa və Əs-Suveyda əyalətləri ilə birləşdirən əsas magistral yollar bağlanıb və buna səbəb Əşrəfiyyə Səhnaya qəsəbəsində yerləşən yaraqlı qruplaşmaların orada dinc sakinlərə qarşı hücumlar həyata keçirməsidir. Telekanalın məlumatına görə, son bir neçə saat ərzində çoxlu sayda dinc sakin ölüb və yaralanıb. Mülki itkilərin dəqiq sayı barədə məlumat verilmir.
Bildirək ki, çərşənbə günü səhər saatlarında Dəməşqin ətrafında, əsasən druzların yaşadığı qəsəbəyə silsilə silahlı hücumlar edilib. İlk hücum nəzarət-buraxılış məntəqəsinə edilib və orada 3 təhlükəsizlik əməkdaşı yaralanıb. Daha sonra onlar Dəraadan yola çıxan avtomobilə hücum edərək 6 nəfəri öldürüblər.