Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, ölkəsi ilə ABŞ arasında nadir metallar sazişinin 24 saat ərzində imzalanması gözlənilir.
Elchi.az xəbər verir ki, Ukraynanın 1+1 televiziya kanalında canlı yayımda çıxışı zamanı Şmiqal ABŞ və Ukrayna arasında imzalanması gözlənilən nadir torpaq elementləri müqaviləsi üçün hazırlıq prosesini dəyərləndirib.
Ukrayna Baş nazirinin müavini və İqtisadiyyat naziri Yuliya Sviridenkonun məsələ ilə bağlı danışıqlar aparmaq üçün ABŞ-a getdiyini qeyd edən Şmıqal, “Amerikalı həmkarlarımızla artıq yekun təfərrüatları yekunlaşdırırıq. Bütün son təfərrüatlar yekunlaşdıqda, inşallah, yaxın gələcəkdə, yaxın 24 saat ərzində müqavilə imzalanacaq və ilk addımı atacağıq”,- deyib.
“Sazişin imzalanmasından əvvəl Ukraynaya verilən hər hansı borc və ya yardım bu müqavilənin mövzusu deyil”, – Şmiqal bildirib.
Ukraynanın baş naziri Şmıqal həmçinin qeyd edib ki, ABŞ-la imzalanması gözlənilən sazişdə Ukraynanın Avropa İttifaqına (Aİ) inteqrasiyasına zidd olan maddələr yoxdur.
Sözügedən razılaşmaya əsasən Ukrayna üçün “İnvestisiya Fondu”nun yaradılacağını xatırladan Şmıqal, daha sonra bu çərçivədə daha iki texniki müqavilənin imzalanmasının lazım olacağını bildirib.
Aprelin 18-də nadir torpaq elementləri sazişi çərçivəsində Ukrayna ilə ABŞ arasında anlaşma memorandumu imzalanıb.