Avropa İttifaqı (Aİ) Komissiyası Qaqauziya Muxtar Vilayətinin bəzi məmurlarına qarşı “Moldovada sabitliyi pozan hərəkətlərdə iştirak etmək” iddiası ilə sanksiya tətbiq etmək qərarına gəlib.
Elchi.az xəbər verir ki, Aİ Komissiyasının verdiyi açıqlamaya görə, Moldovada sabitliyi pozan hərəkətlərə görə məsuliyyət daşıdığı iddia edilən 5 şəxs və 1 təşkilata qarşı sanksiya qərarı verilib.
Bu qərara əsasən Moldova Respublikasının Qaqauziya Muxtar Vilayətinin prezidenti Yevgeniya Qutsul, vitse-prezident İlya Uzun, prezidentin müşaviri və Xarici İşlər Departamentinin direktor müavini Yuri Kuznetsov və KİV-lə əlaqələr üzrə müşaviri Mixail Vlah sanksiyalara daxil edilib.
Bundan başqa, “Avrasiya” qeyri-hökumət təşkilatına və onun təsisçisi Nelli Parutenkoya “Rusiyanın xaricdə, o cümlədən Moldovada maraqlarını dəstəkləmək” iddiası ilə sanksiya qərarı qəbul edilib.
Bu qərarla sanksiya tətbiq edilənlərin sayı 16-ya, təşkilatların sayı isə 2-yə yüksəlib.
Aİ-nin sanksiya qərarı səyahət qadağasını, fiziki şəxslərin və ya təşkilatların aktivlərinin dondurulmasını və resursların onlara ötürülməsini qadağan etməyi nəzərdə tutur.
Nuranə Məmmədova