Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın təklif etdiyi müvəqqəti atəşkəs təklifinə hələlik “hə” cavabı verə bilməyib.
Elchi.az xəbər verir ki, Zelenski videomüraciətində Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün gördükləri işlər barədə məlumat verib.
Zelenski Fransa prezidenti Emmanuel Makron və Argentina prezidenti Xavyer Milei ilə ayrı-ayrılıqda telefon danışığı apardığını və ABŞ-ın təklif etdiyi müvəqqəti atəşkəs təklifi barədə də danışdıqlarını qeyd edib.
Sabah ABŞ-ın “30 günlük fövqəladə atəşkəs” təklifindən bir həftə keçəcəyini bildirən Zelenski bu təkliflə bağlı Rusiya prezidenti Putindən hələlik heç bir cavab alınmadığını bildirib.
Zelenski bu sözləri deyib:
“Bu təklif çox erkən həyata keçirilə bilərdi. Müharibə şəraitində insan həyatı hər gün təhlükə altındadır. Artıq bir həftədir ki, dünyada hər kəsə, hətta üç ildir həqiqəti qəbul etməkdən boyun qaçıranlara belə aydın olur ki, bu müharibəni davam etdirən və uzadan Putindir. Putin ona atəşkəs təklifi təqdim edilən həftəyə “hə” deyə bilməyib”.
Zelenski həmçinin bildirib ki, Ukrayna istehsalı olan 3000 kilometr mənzilli pilotsuz uçuş aparatının (PUA) sınağı uğurla başa çatıb.
Şayəstə Hüseynova