Bu səhər İsrail Qəzza zolağından gələn xəstə və yaralıların çıxışı üçün Rəfah Sərhəd keçidinin Fələstin tərəfini yenidən bağlayıb.
Elchi.az xəbər verir ki, İsrail dövlət televiziyası “KAN”ın məlumatına görə, İsrail bu səhər sərhədin Fələstin tərəfindəki işçilərinə sərhəd keçidinin dərhal bağlandığını bildirib.
Xəbərdə Rəfah Sərhəd Qapısının açılmasının Qəzzada əsir mübadiləsinin birinci mərhələsi və atəşkəs razılaşmasının bir hissəsi olduğu və razılaşmaya əsasən, Qəzza zolağından yaralı və xəstələrin təxliyəsi üçün sözügedən sərhəd qapısından istifadəyə icazə verildiyi vurğulanıb.
Ölən və itkin düşənlərin sayı 322-ni ötüb
İsrailin gecə saatlarında atəşkəsi pozduqdan sonra Qəzza zolağına hücumları nəticəsində ölən və itkin düşənlərin sayı 322-ni keçib.
Bildirilib ki, İsrail ordusu məcburi köçkün fələstinlilərin çadırları, sığındıqları məktəblər və mülki şəxslərin evləri də daxil olmaqla Qəzza zolağını intensiv şəkildə bombalayıb.
İsrail Baş Nazirlik İdarəsindən verilən açıqlamada, hücumların baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yisrael Katzın əmri ilə həyata keçirildiyi bildirilib.
Nuranə Məmmədova