ABŞ Dövlət Departamenti Husilərin Amerika gəmilərinə hücumlarının qəbuledilməz olduğunu və hücumlara yanaşmanın tamamilə dəyişdiyini bildirib.
Elchi.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce gündəlik mətbuat brifinqində jurnalistlərin suallarını cavablandırıb.
Əvvəlki ABŞ rəhbərliyinin ancaq hücum olduğu zaman cavab verdiyinə diqqət çəkən Bruce, “İndi hücumlara yanaşmamız tamamilə dəyişdi” dedi.
Husilərin Amerika gəmilərinə hücumlarının qəbuledilməz olduğunu deyən Bruce, “Bunlar idarə edilməməlidir. Onlara son qoyulmalıdır” dedi.
Mülki ölümlər barədə soruşduqda, Bruce bildirdi ki, heç kim heç bir şəraitdə mülki ölüm istəməz.
“Ancaq digər tərəfdən, pirat husilər bütün ölkəni və dəniz ərazisini ələ keçirməyə çalışırlar”, – Bruce deyib.
Bruce, ABŞ-ın mülki insanların ölümlərinin qarşısını almağa çalışdığını, lakin mövcud vəziyyətin dayanıqlı olmadığını və mülki insanların ölümünə görə təəssüfləndiklərini bildirib.
Husilər isə martın 7-də verdiyi açıqlamada, yardımların Qəzzaya girməsinə icazə verməsi üçün İsrailə 4 gün vaxt verdiklərini, əks halda İsrailə qarşı dəniz əməliyyatlarına yenidən başlayacaqlarını bildiriblər.
ABŞ prezidenti Donald Tramp martın 15-də “Truth” sosial platforması hesabında verdiyi açıqlamada orduya Yəməndə husilərə qarşı “kütləvi hücum” əmri verdiyini açıqlayıb.
Husi lideri Əbdülməlik əl-Husi verdiyi açıqlamada ABŞ-ın (Yəmənə) yeni hücumunun onların hərbi qüdrətinin daha da inkişafına töhfə verəcəyini bildirib və gərginliyin artmasına eyni şəkildə cavab verəcəklərini qeyd edib.
Husi, ABŞ təyyarələri və döyüş gəmilərinin husilərin hədəfi olacağını və hücumlarını davam etdirdikləri müddətcə dənizdə naviqasiyanın əngəllənməsinin Vaşinqtonu da əhatə edəcəyini bildirib.
İranın dəstəklədiyi husilər ABŞ və İngiltərənin paytaxt Səna da daxil olmaqla bir sıra şəhərlərə endirdiyi hava hücumlarında 53 nəfərin öldüyünü, 98 nəfərin yaralandığını açıqlayıb.
Şayəstə Hüseynova