image-ermensitan_irevanbackend

Bakının ittihamına İrəvandan cavab gəldi: Gözləyirik…

Ermənistan hökuməti sülh gündəliyinə əsaslanır və bu, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş mətninin yekun hazırlanmasına yönəlmiş addımların inkarolunmaz sübutudur. Sülh sazişi mətninin razılaşdırılması və danışıqlar prosesinin başa çatdırılması mühüm addımdır. Ermənistan Respublikası Azərbaycan Respublikasını sazişin imzalanma yeri və vaxtı ilə bağlı məsləhətləşmələrə başlamağa çağırır.
Elchi.az xəbər verir ki, bu sözlər Ermənistan Baş nazirinin Ofisinin rəsmi Bakının atəşkəsin pozulması ilə bağlı ittihamlarına cavab olaraq yaydığı bəyanatda qeyd olunub.
Bəyanatda vurğulanıb ki, razılaşdırılmış saziş layihəsi mətnində Ermənistan və Azərbaycan arasında sülhün və münasibətlərin qurulması ilə bağlı prinsipial məsələlər əks olunub və gələcək addımların müzakirəsi üçün mexanizmlər nəzərdə tutulub:
“Ermənistan Azərbaycana dəmir yolu ilə yükdaşıma probleminin həlli ilə bağlı təklif təqdim edib. Bundan əlavə, vurğulamaq lazımdır ki, 2025-ci ilin yanvar ayında Ermənistan Respublikası Azərbaycan Respublikasına Azərbaycanın qərb rayonlarından Naxçıvan Muxtar Respublikasına, əks istiqamətdə və üçüncü ölkələrə, həmçinin Ermənistan Respublikasının şimal-qərb rayonlarından Azərbaycan ərazisindən keçməklə Ermənistanın cənub hissəsinə, əks istiqamətdə və üçüncü ölkələrə dəmir yolu yükdaşımaları probleminin həlli ilə bağlı yazılı təklif təqdim edib. Həmçinin ikitərəfli silahların qarşılıqlı nəzarət mexanizminin yaradılması təklifi irəli sürülüb və Ermənistan Azərbaycan tərəfindən müsbət cavab gözləyir”.
Bildirilir ki, Ermənistan Azərbaycanla dövlət sərhədinin delimitasiyası işlərini davam etdirməyə hazırdır:
“Bu işlər Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyanın birgə fəaliyyət qaydalarına və Ermənistanla Azərbaycanın dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının qaydalarına uyğun həyata keçiriləcək”.

 

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki