Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bağdadda İraq Nümayəndələr Şurasının sədri Mahmud əl-Məşhədani ilə görüşüb.
Elchi.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan və İraq arasında ikitərəfli münasibətlər, parlamentlərarası əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycan ilə İraq arasında tarixən dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin müxtəlif, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə inkişaf etdiyini və parlamentlərarası əlaqələrin bu münasibətlərin mühüm komponentlərindən biri olduğunu qeyd edib.
Nazir qanunverici orqanlar arasında əməkdaşlığın, qarşılıqlı səfərlərin gücləndirilməsinin qarşılıqlı anlayışın təşviqi baxımından əhəmiyyətini vurğulayıb, bu əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli zəminin mövcud olduğunu qeyd edib.
Görüş zamanı həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri, Yaxın Şərqdə mövcud vəziyyət, eləcə də postmünaqişə dövründə bölgəmizdə mövcud reallıqlar, ölkəmizin bərpa və yenidənqurma, minatəmizləmə və sülh səylərindən ətraflı bəhs olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.