İran ABŞ prezidenti Donald Trampın Yəmənlə bağlı Tehrana qarşı ittihamlarını və təhdidlərini rədd edərək, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına göndərdiyi məktubda “hər hansı bir təcavüz aktının ciddi nəticələri olacağını” bəyan edib.
Elchi.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda ABŞ rəsmilərinin, xüsusilə də Trampın Tehrana qarşı “ehtiyatsız və təxribatçı” bəyanatlarını qətiyyətlə rədd edir və pislədiklərini bildirib.
O, Trampın təhdidləri ilə bağlı deyib: “İstənilən aqressiv hərəkətin dəhşətli nəticələri olacaq və ABŞ buna görə tam məsuliyyət daşıyacaq”. İfadələrin istifadə olunduğu məktubda “Tehranın Yəməndəki husilərə silah verməsi ilə bağlı ittihamların doğru olmadığı və yəmənlilərin qərar və hərəkətlərində müstəqil hərəkət etdiyi” vurğulanıb.
Məktubda ABŞ və Böyük Britaniyanın Yəmənə qarşı hücumları bu ölkənin suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulması, sülh və sabitliyə təhdid kimi qiymətləndirilib və Təhlükəsizlik Şurasından ABŞ-ın hücum və təhdidlərinə qarşı lazımi addımları atmağa çağırılıb.
İsrailin Qəzzada törətdiyi soyqırım və mühasirəyə cavab olaraq Qırmızı dənizdə İsrailə yük daşıyan gəmiləri hədəfə alan Yəməndə husilərə ağır hücumlar təşkil edən ABŞ prezidenti Donald Tramp Husilərin hücumlarının İrandan qaynaqlandığını və bunun “dəhşətli nəticələrini” Tehran rəhbərliyinin çəkməli olacağını bildirib.
Şayəstə Hüseynova