Katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa Fransisk müalicə aldığı xəstəxanadan göndərdiyi məktubda “dünyanın tərksilah edilməsinə” çağırıb.
Elchi.az xəbər verir ki, Fevral ayında keçirdiyi ağır bronxit səbəbiylə ikitərəfli pnevmoniya diaqnozu ilə 33 gündür Romadakı Gemelli Xəstəxanasında müalicə alan 88 yaşlı Papa İtaliyanın “Corriere della Sera” qəzetinə məktub göndərib.
Papa 14 mart tarixli məktubunda xəstəxanada olan bu müddət ərzində müharibələrin ona daha da mənasız göründüyünü bildirib.
Rabitə vasitələrinin dünyada hər kəsi anında birləşdirdiyini və sözlərin böyük əhəmiyyət daşıdığını vurğulayan Papa deyib:
“Onlar heç vaxt sadəcə söz deyillər; onlar insan mühitini yaradan reallıqlardır. Sözlər insanları birləşdirə və ya ayıra bilər; onlar həqiqətə xidmət edə və ya faydalana bilər. Biz sözləri tərksilah etməliyik ki, zehni və dünyanı tərksilah edə bilək. Dərin düşünməyə, sakitliyə və hadisələrin mürəkkəbliyini başa düşməyə böyük ehtiyac var. Müharibə icmaları və ətraf mühiti məhv etməkdən başqa heç bir məqsədə xidmət etmir və münaqişələrə yeni həll yolları təklif etmir.”
Digər tərəfdən, Vatikanın dövlət katibi (baş nazir) kardinal Pietro Parolin bir aydan çoxdur xəstəxanada müalicə alan Papa Fransiskin səhhətinə görə istefa verəcəyi xəbərini təkzib edib.
Bu arada Vatikan Mətbuat Ofisi, Papa Fransiskin səhhətinin vəziyyəti ilə bağlı dünən axşam verdiyi son məlumatda Papanın stabil olduğunu, gün ərzində aldığı yüksək axınlı oksigen əlavəsinin tədricən azaldığını, axşamlar da qeyri-invaziv mexaniki ventilyasiya almağa davam etdiyini bildirib.
Roma Papası fevralın 14-dən etibarən Romadakı Gemelli xəstəxanasında tənəffüs yolları xəstəliklərindən müalicə alır.
Nuranə Məmmədova