Martın 13-də Bakıda işinə başlayan və martın 15-nə kimi davam edən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu yeni geosiyasi çağırışlar dövründə qlobal problemlərin həlli yollarının araşdırılması, çoxtərəfli diplomatiya və çoxqütblü dünya nizamına baxışların, gələcək siyasi arxitektura quruculuğunun müəyyənləşdirilməsi, qarşıdakı dövrdə əməkdaşlığın yeni yollarının müzakirəsi baxımından unikal platforma kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb etdi.
Foruma Azərbaycanın ev sahibliyi etməsi, habelə ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artımıın qeydə alınması isə ölkəmizə olan yüksək diqqət və etimadın, cənab İlham Əliyevin müdrik siyasi həmrəylik kursuna beynəlxalq dəstəyin ifadəsi kimi dəyərləndirilə bilər. Hazırkı Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadimin, ələlxüsus da 50-yə qədər hazırkı və sabiq prezidentin, baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, Nobel mükafatı laureatları, bir sözlə dünya siyasi elitasının bir daha Azərbaycana toplaşması sarsılmaz ehtiramın və hörmətin nümunəsi kimi qəbul edilir.
Forumun ən yadda qalan nitqi isə həmişəki kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konseptual xarakter daşıyan, eyni zamanda, dünyada baş verən proseslərlə bağlı A-dan Z-yə qədər bütün məqamları özündə ehtiva edən çıxışı idi.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin dərin məzmun daşıyan çıxışı, regional və qlobal siyasi mühitlə bağlı verdiyi mesajlar dəqiq və ünvanlı mesajlar qlobal auditoriyada böyük maraq doğurdu. Azərbaycan Prezidenti ilk növbədə, respublikamızın dünya enerji siyasətində yaratdığı reallıqlara nəzər salaraq neft bumundan sonra Avropa bazarlarına qaz nəqli ilə Xəzər regionunda yeni bir cığır açdığını, bölgədə enerji tranzitlərinin formatını müəyyənləşdirməyə nail olduğunu xatırlatdı.
O, Azərbaycanın tərəfdaşlarla birgə həyata keçirdiyi enerji layihələri nəticəsində Avropada etibarlı tərəfdaşa çevrildiyini vurğuladı. 12 dövlətin, o cümlədən 10 Avropa ölkəsinin enerji ehtiyaclarını təchiz edən Azərbaycanın ona ünvanlanan bütün xahişlərə diqqətlə yanaşdığını və məsuliyyətli sadiq tərəfdaş kimi bölgənin yeni enerji xəritəsini cızdığını bildirdi.
“Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bu gün Azərbaycandan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və əslində, onun möhkəmləndirilməsində həqiqətən böyük dəyişiklik yaradır” – deyə qeyd edən cənab İlham Əliyev, eyni zamanda, enerji gündəliyində ön yerə çıxan “yaşıl enerji” proqramı və Qara dənizin dibi ilə çəkilən yeni enerji kabelinin reallaşması sayəsində bir çox ölkənin, o cümlədən Avropanın gələcək dayanıqlı təminatlarında da vacib aktor olacağını diqqətə çatdırdı.
Son geosiyasi dəyişikliklərdən irəli gələrək Azərbaycan, eyni zamanda, bölgənin nəqliyyat-logistika xəritəsini də dəyişir, Orta Dəhlizdə ortaq maraqları formalaşdırır. Strateji coğrafi mövqeyi sayəsində Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas nəqliyyat və logistika qovşağına çevrilərək regionda sabitliyin və inkişafın təmin olunmasına çalışır. Bu faktorlar ölkəmizə olan yeni inam və güvən baxışlarını möhkəmləndirir. Məhz bu güvən və etimadın nümunələrindən biri kimi yaşıl dünya ailəsi ötən il dünyanın ən mötəbər tədbirini – COP29-u Azərbaycana həvalə etdi.
“Bu, bizə olan hörmətin, etimadın təzahürü, eləcə də yaşıl keçid üzrə fəaliyyətimizə verilən qiymət idi”.
Azərbaycanın COP29-u uğurla təşkil etməsində və mükəmməl sonluqla başa çatdırılmasında isə şaxələndirilmiş xarici siyasət rol oynadı. Ölkəmiz dörd il ərzində 120 ölkəni birləşdirən beynəlxalq təsisatda – Qoşulmama Hərəkatında sədrliyi dövründə üzv ölkələrə, o cümlədən COVID-19 pandemiyası vaxtlarında 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımı göstərməklə onlara fəal dəstək verdi, beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm addımlar atdı. Bu nümunəvi addımları ilə qlobal ədalət və bərabərlik prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirdi.
Sözsüz ki, Azərbaycanın qazandığı möhtəşəm uğurlar bədxahları narahat etdiyindən qlobal Zirvə toplantılarına ləkə salmaq üçün iftira və böhtan kampaniyası, ədalətsizliklə üzləşmə halları da az olmadı. Bu, bəzi Qərb medialarında kampaniya ilə müşayiət olundu. Onların sırasında ABŞ Dövlət Departamenti və Fransa hakimiyyəti, xüsusilə də prezident Makron bu qarayaxma kampaniyasının təşkilatçılarından idi. Onların bütün cəhdləri uğursuzluqla nəticələndi və ölkəmiz COP-29-u ən unikal iqlim toplantısı kimi tarixə yazdırdı.
Azərbaycan, həmçinin, COP strategiyasının konseptual baxış tərzini dəyişdirdi, yeni həmrəylik körpüsü yaratdı, qlobal Şimal və Cənub arasında səmimiyyət bağlantısını qurdu. Nəticədə iqlim maliyyə platforması gerçəkləşdi. Buna görə, Bakıdakı COP29 Bakı sıçrayışı adlandırıldı və bu, mühüm irs kimi tarixdə qalmaqdadır.
Cənab Prezident Forumda regionda baş verən proseslər, münaqişə ocaqları ilə bağlı vəziyyətə nəzərə salaraq, onların həlli yollarının tapılması istiqamətində öz strateji baxışını bəyan etdi.
Bildirdi ki, torpaqlarımızı uzun illər işğalda saxlayan Ermənistanın rəsmi Bakı tərəfindən irəli sürülən sülh təkliflərinə 27 il geri çevirməsinə və 27 il kağız üzərində qalan BMT qətnamələrinə icrasına biganə qalan beynəlxalq birliyinin ədalətsizliyinə qarşı gücdən istifadə etmək məcburiyyətində qaldıq. “Əgər torpağımızı güclə azad etməsəydik, BMT qətnamələri növbəti 27 il də kağız üzərində qalardı”- deyə bildirən Prezident İlham Əliyev ərazi bütövlüyü və suverenliyin tam bərpasının nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürü, o cümlədən beynəlxalq ədalətin bərqərar olmasını xatırlatdı. Müharibənin bitməsindən sonra bölgədə formalaşan sülh yolunda etimadsızlıq mühiti və imici yaradan Ermənistanı yenidən kənar güclərin təsiri altına düşməməyə çağırdı.
Təcavüzkar ölkənin Azərbaycan xalqına çəkdirdiyi əzab-əziyyətləri, Xocalı soyqırımı kimi bəşəri cinayəti yaddan çıxarmayacağımızı xatırlatmaqla bərabər, eyni zamanda, gələcəyə nəzər salmaq, Cənubi Qafqazda sülhə nail olmaq üçün zəruri olan addımlardan danışdı.
Bəyan olundu ki, sülh sazişi layihəsinin və müqaviləsinin müəllifi kimi Azərbaycan bölgədə təhlükəsizlik və dayanıqlı inkişaf, qlobal dialoq və çoxistiqamətli əməkdaşlıq quruculuğunda yorulmaz qətiyyəti və dəmir iradəsi ilə töhfəverici rol oynayır, ancaq bəzi Avropa bürokratları Ermənistanı “sülh göyərçini” kimi təqdim etməyə çalışaraq dayanıqlı sülhün yaranmasına mane olurlar.
Avropa İttifaqının “müşahidə missiyası”nın 2022-ci ilin oktyabrından sərhədlərimizdə apardığı qeyri-qanuni fəaliyyətlər, Avropa Sülh Fondu vasitəsilə Ermənistan silahlı qüvvələrinə ayrılan milyonlarla avro vəsait regionda yeni münaqişənin alovlanması üçün atılan addımlar kimi dəyərləndirildi. Yaxud da, Azərbaycana qarşı haqsız və az qala düşmən siyasət yürüdən, 30 il ərzində qurulan ABŞ-Azərbaycan münasibətlərinin ABŞ-nin sabiq dövlət katibi Blinken tərəfindən heçə endirilməsi, o cümlədən “USAID” və amerikalı rüşvətxor konqresmenlərin ermənipərəst mövqeləri, ikiüzlü, riyakar və anti-Azərbaycan fəaliyyətləri barədə faktlar səsləndirildi.
Azərbaycan Prezidenti Forumda qlobal ictimaiyyət qarşısında bir daha bu məsələlərə diqqət çəkərək Ermənistanı bölgənin yeni qurulan inkişaf landşaftında yer almaq üçün qətiyyətli addımlar atmağa, rifah quruculuğuna dəvət etdi. Bu müdrik baxış və mövqe bir daha Azərbaycanın regionda mühüm söz sahibi və sabitləşdirici qüvvə kimi çıxış edərək beynəlxalq əməkdaşlığın güclənməsinə töhfə verdiyinin sübutudur.
Beləliklə, XII Qlobal Bakı Forumu dünya üçün yeni perspektivlər açan və qlobal həmrəyliyi gücləndirən mühüm bir tribuna kimi dəyərli təşəbbüslərin platforması olduğunu təsdiqlədi.
Ramid Namazov
Milli Məclisin deputatı