Zaxarova: Biz ABŞ-ın vasitəçilik rolundan deyil, əlaqələri bərpa etməkdən danışmalıyıq.
Elchi.az xəbər verir ki, biz Rusiya-Ukrayna münaqişəsinin həllində Amerika tərəfinin vasitəçilik rolundan deyil, Moskva ilə Vaşinqton arasında əlaqələrin bərpasından danışmalıyıq. Bunu RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Mənə elə gəlir ki, biz çox güman ki, ABŞ-ın vasitəçilik rolundan deyil, Rusiyanın Vaşinqtonla əvvəlki administrasiya tərəfindən qəsdən məhv edilmiş əlaqələrinin bərpasından danışmalıyıq”, – Zaxarova bildirib.
Onun sözlərinə görə, tərəflər arasında əlaqələr bərpa olunur və proses bir sıra istiqamətlər üzrə gedir.
Diplomat əlavə edib ki, hazırda iki ölkənin səfirliklərinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində ABŞ ilə konkret iş aparılır.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp həftə sonu Rusiya və Ukrayna ilə bağlı “çox yaxşı” danışıqlar apardığını bildirib.
NBC News-a müsahibəsində o, Vaşinqtonun qeyri-müəyyən müddətə vasitəçi rolunu oynamayacağını vurğulayıb və Kiyev və Moskvanın kompromis əldə edə biləcəyinə şübhə etdiyini bildirib. Trampın sözlərinə görə, ABŞ-ın gələcək addımları və Rusiyaya qarşı sanksiyaların tətbiqi onun danışıqlardakı mövqeyindən asılı olacaq.
Şayəstə Hüseynova