Ukraynadan dostuna zəng edən rusiyalı hərbçinin telefon danışığı bəzi acı həqiqətləri üzə çıxarır.
Alp.Az xəbər verir ki, səs yazısı Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko tərəfindən “Youtube” platformasına yerləşdirilib.
Rusiya Federasiyasının Qafqaz aksenti ilə danışan hərbçisi telefonda bildirir ki, o, artıq geriyə – evə qayıtmaq istəyir: “Hamı artıq geri istəyir”.
O, hətta aralarında ən təcrübəli olan Volkovun da qorxduğunu deyir: “O da insandır, o da qorxur. Buldaçiyev əkilib getdi, buna görə onu öldürdülər. Rövşən də aradan çıxdı, onu öldürdülər. Yanacaq maşınları ilə dala qayıtmaq istədilər, orda öldürdülər”.
Başqa bir hərbçi isə həyat yoldaşı ilə telefon danışığında Kremlin onlara “atdığını”, komandirlərin heç nəyi vecə almadığını və əsgərlərin qida sıxıntısı çəkdiyini bildirib.
Qeyd edək ki, Anton Geraşenko bu cür səs yazılarından kanalına onlarla yükləyib. Səs yazılarının bir çoxunda rus qadınları müharibədə olan övladları və ərlərindən evə qızıl-gümüş, bahalı əşyalar, xəz palto və hətta mikser gətirməyi xahiş edirlər.
Rüfət