Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Prezidenti Donald Trampa və vitse-prezident Cey Di Vensə açıq məktub ünvanlayıb.
Elchi.az -ın Gürcüstan KİV-ə istinadən verdiyi məlumata görə, məktubda Kobaxidze ABŞ-nin yeni administrasiyasını Gürcüstanla bağlı susqunluğa son qoymağa çağırır.
O qeyd edir ki, bir neçə həftə əvvəl ABŞ-yə rəsmi məktub göndərməsinə baxmayaraq, hələ də heç bir cavab almayıb. Baş nazir bu susqunluğun Gürcüstan xalqında və hökumətində ciddi təəccüb doğurduğunu bildirir.
Kobaxidze məktubda Gürcüstanın illərlə ABŞ-nin ən çətin regionda ən etibarlı tərəfdaşı olduğunu, İraq və Əfqanıstandakı hərbi missiyalarda iştirak etməklə ABŞ büdcəsinə 2,5 milyard dollar qənaət etdiyini xatırladıb. O, ABŞ-nin Gürcüstana ayırdığı real yardımın bu rəqəmlə müqayisədə daha az olduğunu vurğulayıb.
Baş nazir USAID, NED, Soros Fondu və digər qurumların Gürcüstanda radikalizm və ekstremizmi təşviq etmək, Pravoslav Kilsəsinin nüfuzunu zədələmək və dövlət institutlarını zəiflətmək istiqamətində fəaliyyət göstərdiyini, bu proseslərin ABŞ-nin real yardımına daxil olmadığını qeyd edib.
Kobaxidze Tramp administrasiyasının USAID, NED və digər qurumların “cinayətkar fəaliyyətlərini” tənqid etməsini alqışladığını desə də, Bayden dövründə planlaşdırılmış inqilab cəhdlərinin qarşısını alan Gürcüstan rəsmilərinə qarşı tətbiq olunan sanksiyaların hələ də qüvvədə qalmasını sərt şəkildə tənqid edib.
Məktubda ABŞ Konqresinin qəbul etdiyi və Gürcüstan xalqına qarşı “düşmən mövqeyi” kimi qiymətləndirilən “Dostluq Aktı” da tənqid olunur. İ.Kobaxidze bu sənədi Corc Oruellin “düşmən dostdur” modeli ilə müqayisə edib və bildirib ki, bu akt ABŞ-nin Gürcüstana münasibətində inamı daha da zəiflədir.
Baş nazir ABŞ administrasiyasının Gürcüstanla strateji tərəfdaşlığı yenidən quracağına ümid etdiyini vurğulayıb. O, Tramp rəhbərliyini “dərin dövlət”ə qarşı mübarizədə səmimi olmağa çağıraraq bu prosesin Gürcüstan-Amerika münasibətlərində dönüş nöqtəsi ola biləcəyini bildirib.