Ukrayna öz hava donanmasının sayını artırmaq üçün başqa ölkələrdən platformalar və təyyarələr üçün ehtiyat hissələri alıb.
Alp.Az “Amerikanın Səsi”nə istinadla xəbər verir ki, bunu çərşənbə axşamı keçirdiyi brifinqdə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi bildirib.
“Ukrayna öz təyyarələrinin bir hissəsini yenidən xidmətə qaytarmaq üçün digər ölkələrdən dəstək alıb. Hazırda Ukrayna iki həftə əvvəl olduğundan daha çox sabit qanadlı qırıcı təyyarələrə malikdir. Bu da təsadüfi deyil”, – Kirbi bildirib.
O əlavə edib ki, bu tip təyyarələrlə təcrübəsi olan digər ölkələr də Ukraynaya qeyri-aktiv təyyarələrin bərpasına kömək edə bilib. “Ukraynalılar daha çox təyyarənin havaya qalxmasına kömək etmək üçün əlavə platformalar və hissələr alıblar”, – Kirbi əlavə edib.
Pentaqonun sözçüsü sözügedən təyyarələrin hansı ölkələrin və ya növlərinin olduğunu açıqlamayıb. O, əlavə edib ki, oxşar sxemə əsasən, başqa ölkələr də Kiyevə tanklarla kömək ediblər.
“Ukraynalılar başqa ölkələrdən tanklar alıblar – bildikləri və istifadə qaydalarını bildikləri tank növlərini nəzərdə tuturam. Bəzi ölkələr tank, bəzi ölkələr isə ehtiyat hissələri təmin edib ki, işləməyən tanklarını yenidən işə salsınlar”, – Kirbi deyib.
Daha əvvəl Pentaqon jurnalistlərə bildirib ki, hazırda Rusiya qüvvələrinin sayı ondan çox olsa da, bu, Ukraynanın özünü müdafiə edə bilməyəcəyi anlamına gəlmir. Onlar əlavə ediblər ki, Ukrayna hələ də böyük hərbi gücə malikdir və Kiyev yeni silah göndərişləri alır.
Rüfət
Alp.Az