Misir prezidenti Əbdülfəttah əs-Sisi və Fransa prezidenti Emmanuel Makron Qahirədə “strateji tərəfdaşlıq sazişi” imzalayıblar.
Elchi.az xəbər verir ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə Fransa prezidenti Emmanuel Makron Qahirədə İttihadiyyə sarayında keçirilən mərasimdə strateji tərəfdaşlıq sazişi imzalayıblar.
İki lider imzalanma mərasimindən sonra birgə mətbuata bəyanatla çıxış ediblər. Sisi Qahirə ilə Paris arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.
Sisi, Makronla Qəzzada atəşkəsə qayıtmağın vacibliyini vurğuladıqlarını və fələstinlilərin öz torpaqlarından zorla köçürülməsinə dair bütün çağırışları rədd etməyə razılaşdıqlarını bildirib. Sisi, “Fələstin məsələsində ədalətli həll tapılmadıqca, Yaxın Şərqdə sülh və sabitlik xəyal olaraq qalacaq” – deyib.
Sisi həmçinin Qəzzada atəşkəs əldə edildikdən sonra Qəzzanın yenidən qurulması üçün Qahirədə beynəlxalq konfrans keçirmək əzmində olduqlarını bildirib.
Fransa prezidenti Makron Fransanın “tarixi və strateji tərəfdaşı” olaraq xarakterizə etdiyi Misirdə olmaqdan məmnun olduğunu bildirib. Makron Misirin regional və milli sabitlik və firavanlıq yolunda onu müşayiət etmək üçün Misirdə olduğunu qeyd edərək, iki ölkə arasında imzalanan “strateji tərəfdaşlıq müqaviləsi”nin güclü əlaqələrin göstəricisi olduğunu bildirib.
İsrailin atəşkəs prosesini pozmasını və Qəzzaya hücumlarını bərpa etməsini sülhün bərqərar olması istiqamətində geriyə doğru atılan addım kimi qiymətləndirən Makron, “İsrailin Qəzzaya hücumlarının yenidən başlamasını pisləyirik. Atəşkəsin dərhal bərpasını və Qəzzada Həmas tərəfindən saxlanılan girovların azad edilməsini tələb edirik” – deyib.
Nuranə Məmmədova