Rusiyanın Xarici Kəşfiyyat Xidməti Britaniyanın Ukrayna böhranının həlli ilə bağlı Rusiya və ABŞ arasında dialoqa qarşı olduğunu və qlobal münaqişəni qızışdırmağa çalışdığını iddia edib.
Elchi.az xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin verdiyi açıqlamada Böyük Britaniyanın Ukrayna böhranı ilə bağlı hərəkətləri qiymətləndirilib.
Londonun ABŞ və Rusiya arasında dialoqa qarşı olduğunu bildirən bəyanatda aşağıdakı ifadələr yer alıb:
“Britaniya administrasiyası ABŞ və Rusiya arasında Ukrayna probleminin həlli ilə bağlı dialoqa öz maraqlarına təhlükə kimi baxır. London bunun Moskvanı bloklamaq və Ukraynanı cilovlamaq strategiyasını pozacağından narahatdır. ABŞ prezidenti Donald Trampın Rusiya ilə fövqəldövlət kimi dialoqu və müttəfiqlərini aşağılaması Londonu narahat edir”.
Açıqlamada Londonun ABŞ administrasiyasının Ukrayna ilə bağlı sülhsevər təşəbbüslərinə mane olmağa çalışdığı və bu məqsədlə Trampa qarşı qarayaxma kampaniyası başlatdığı iddia edilib.
İngiltərə rəhbərliyinin Ukraynaya hərbi dəstəyini davam etdirəcəyinə söz verdiyinə diqqət çəkən bəyanatda, “London keçən əsrdə iki dünya müharibəsindən əvvəl olduğu kimi, bu gün də qlobal qarşıdurmanı qızışdırmağa çalışır.”- ifadəsindən istifadə edilmişdir.
Nuranə Məmmədova