Brüssel görüşü Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələsində ciddi dönüş nöqtəsi kimi yadda qala bilər. Əslində bölgədə vəziyyət əvvəlkindən də gərgindir və bu gərginlik hazırda Vətən müharibəsindən sonra bəlkə də ən pik həddindədir. Lakin Azərbaycanın düzgün strateji mövqeyi, diplomatik imkanlarını düzgün istifadə, fürsətləri doğru dəyərləndirmək, prosesləri real vəziyyətin tələbinə uyğun analiz edib, qərar qəbul etməsi rəsmi Bakının 44 günlük müharibə ilə əldə etdiyi üstünlüyü əhəmiyyətli şəkildə artırmağa imkan verir. Brüssel görüşündən sonra Ermənistan və Azərbaycan rəsmiləri arasında təmaslar, səsləndirilən bəyanatlar və gəlinən nəticələr belə deməyə əsas verir.
Prezident İlham Əliyevin ötən gün ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə etdiyi açıqlamalar gələcəyə daha ümidlə baxmağa imkan verir. Bu, istər iqtisadi göstəricilərlə, istərsə də diplomatik müstəvidəki fəaliyyətlə bağlı yekun nəticələrə əsasən belə düşünməyə əsas verir. Prezident Brüssel görüşünün ikinci raundunun nəticəsini həm İrəvan, həm də Bakı üçün olduqca əhəmiyyətli, ikitərəfli təmasların artırılması baxımından hər iki ölkə üçün faydalı adlandırıb.
Bunun səbəbini İlham Əliyevin müşavirədə səsləndirdiyi “Bildiyiniz kimi, bu günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında hesab edirəm ki, yaxın tarixdə, bəlkə də son 30 il ərzində birinci dəfə telefon söhbəti də olmuşdur. Biz bunu da müsbət qiymətləndiririk. Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir” fikirləri xüsusilə açıq şəkildə izah edir. Dövlət başçısı bu açıqlama ilə bu 2020-ci ilin sentyabrına kimi Misnk Qrupu həmsədrlərinin fəaliyyətinin sadəcə vaxt keçirmək, ermənilərin işğalçı əməllərini pərdələməkdən ibarət olduğunu izah etmiş oldu. Ölkə lideri açıqlamaları zamanı xüsusi ilə Rusiyanın son bir aydakı mövqeyindən narahtlığını müxtəlif fikirlərlə Moskvaya çatdırdı. O, “Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə – 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir” deməklə əslində, Vətən müharibəsindən sonra Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi yolunda Rusiyanın vasitəçi olduğu 10 noyabr üçtərəfli bəyanatı, 11 yanvar 2021- cil il bəyanatı, eləcə də 26 noyabr Soçi görüşlərinin bir nəticə vermədiyinə diqqəti yönəldərək, Avropa İttifaqının Moskvadan fərqli olaraq bu istiqamətdə atdığı azsaylı addımları daha effektli adlandırıb. Bu isə Rusiyanın fəaliyyətinin bölgədə sülh, sabitlik məqsədilə Ermənistanla Azərbaycan arasında sülh sazişini imzalamaq yolunda yetərli olmadığı, bu məsələdə Moskvanın bir o qədər də maraqlı görünmədiyi anlamına gəlir.
Prezident İlham Əliyev uzun illər cəzasızlıqdan təxribat, terror əməllərinə daha da meyillənən Ermənistanın yenidən Rusiyanın və digər dövlət və bəzi təşkilatların “dəstək mesajlarından” ruhlanaraq Azərbaycana qarşı yeni iddialara düşmək fikrindən daşındırmaq üçün də müxətlif açıqlamaları ilə diqqət mərkəzinə düşdü.
Yeni yaradılan Komando qoşun növünün istənilən vəzifəni icra edə bilmək qabiliyyətinin yüksək olduğunu diqqətə çatdıran dövlət başçısı bu qoşun növünün sayının ildən-ilə daha da artırılacağını bildirib. “Hər kəs bilməlidir ki, minlərlə tam hazırlıqlı döyüşçü artıq hazırlanıb və hazırlanacaq” deyən İlham Əliyev bu mesajı Ermənistana və onun havadarlarına ünvanlayıb. İstər müharibə zamanı, istərsə də o vaxtdan bu yana bir çox proseslərdə nəyi, nə vaxt deməyi yaxşı bildiyini dəfələrlə sübut edən dövlət başçısı, müşavirə zamanı da son zamanlar regionda baş verən bəzi “tektonik” proseslərə səssiz qalmayaraq, Bakıya qarşı təhdid dolu çıxışlarla diqqət çəkən dairələrə baş verəcək istənilən məsələylə bağlı Azərbaycanın bir cavabının mütləq olduğu mesajını verib.
“Hərbi məsələlərin həlli üçün nə qədər vəsait lazımdırsa, o qədər də vəsait ayrılacaq və ayrılır. Ermənistanda isə tam bu, fərqlidir. Ermənistanda xaricdən nə qədər maliyyə yardımı, yaxud da qaytarılmayan kreditlər ayrılarsa, onlar o qədər də xərcləyə bilərlər. Bu məsələyə də mən aydınlıq gətirmək istəyirəm. Hesab edirəm ki, bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır” deyən ölkə başçısının bu açıqlamasında hədəf də, “atəşin açıldığı” mövqe də bəs-bəllidir. İlham Əliyev bu sözlərlə 44 günlük müharibənin son gününə kimi Ermənistana hər cür hərbi yardım göstərən dövlətləri, beynəlxalq qurumları heç olmazsa bundan sonra niyyətlərindən əl çəkməyə çağırıb.
Prezidentin bu “Ermənistanın özünün silah almağa pulu yoxdur, heç vaxt da olmayıb. İkinci Qarabağ müharibəsində biz Ermənistanın haradasa 4-5 milyard dollarlıq dəyərində hərbi texnikasını məhv etmişik. Bu texnikanın bir hissəsi qənimət kimi götürülüb, biz ondan istifadə edirik. Bir hissəsi isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir” açıqlamasında Ermənistanın Azərbaycana qarşı təxribatlarında istifadə olunan silahların, texnikanın daha çox hansı ölkədən Qarabağa cəmləşdirdiyi məsələsi ortaya çıxır ki, burada da artıq heç bir gizli məqam qalmayıb. Çünki istər Azərbaycan əsgərinin ermənilərdən qənimət kimi götürdüyü hərbi texnika, istərsə də Qənimətlər Parkında nümayiş etdirilən texnika olsun, onların böyük bir qisminin məhz Rusiyanın payına düşdüyü hər kəsə gün kimi aydındır.
Açıqlamasının ardında “Sual olunur: Kasıb ölkədə bu qədər pul haradandır? Bu kreditlər haradandır? Bu kreditlərin sonra pulu qaytarılıbmı, qaytarılmayıbmı? Yoxsa silinib? Əgər o kreditlər verilməsəydi, mən tam əminəm ki, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Ermənistan özü gəlib boynunu büküb razılığa gələrdi, necə ki, kapitulyasiya aktını imzaladı, bütün şərtlərimizi qəbul etdi və müharibədən sonra da necə deyərlər, tam başqa mövqe sərgiləyir. Ona görə əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, biz bunu qeyri-dost addım kimi qiymətləndirəcəyik və öz addımlarımızı buna uyğun şəkildə atacağıq” sözlərinə yer ayıran dövlət başçısının bu fikirləri ilə kim(lər)i hədəf seçdiyini müəyyənləşdirmək üçün bir neçə gün öncəyə nəzər salaq:
Brüssel görüşünün (6 aprel) ikinci raundundan sonra Ermənistan xarici işlər nazirini Moskvaya dəvət edən (8 aprel) Rusiya XİN rəhbəri Sergey Lavrovun brifinqdə səsləndirdiyi bəzi fikirləri xatırlamaq kifayətdir: “Rusiya əsas müttəfiqi kimi Ermənistana müdafiə qabiliyyətini gücləndirməyə, sərhədlərinin mühafizəsini təmin etməyə kömək edəcək”. Rusiya diplomatı bu açıqlaması ilə bəyan etmiş oldu ki, biz bundan sonra da Ermənistanı hər cür hərbi texnika, silah-sursatla silahlandıracağıq, üstəlik ona sərhədlərinin mühafizəsində də yardım edəcəyik. Lavrovun bu açıqlamasından o da anlaşılır ki, Rusiyanın Ermənistanı yardımı yalnız hərbi texnika ilə kifayətlənməyəcək. Azərbaycan Prezidenti bu açıqlaması ilə eyni zamanda Rusiyaya o mesaj da verdi ki, əgər bunu etməkdə davam edərsənsə, sənin bu addımını ikili oyun kimi qiymətləndirəcəyik. Çünki bir yanda bizlə fevralın 22-də Moskva Bəyannaməsinə qol çəkirsən, digər yandan isə bizimlə hələ də sülh bağlamayan, bizə qarşı düşmənçilik meyillərindən əl çəkməyən, revanş iddiasında olan işğalçı bir dövləti yenidən silahlandırmaq barədə razılığa gəlirsən.
Amma Prezident artıq Azərbaycanı heç bir təhdidin qorxutmaq iqtidarında olmadığını diqqətə çatdırıb. O bildirib ki, Rusiyaya dəstək verən qüvvələr bölgədə sabitliyə, sülhə təhdid olacaq bu qərarlarından əl çəkməzlərsə Azərbaycan yenə öz gərəkən addımlarını atacaq və İkinci Qarabağ savaşının davamı olaraq Qənimətlər parkını Ermənistana verilən yeni silahlarla daha zənginləşdirəcək. Konkret desək, İlham Əliyev bu mesajı ilə faktiki olaraq Ermənistanın demilitarizasiya statusunu elan etdi. Bu o deməkdir ki, əgər Ermənistan ciddi silahlar əldə edərsə, bunun qarşısının alınması üçün bütün mümkün variantlardan istifadə ediləcək.milli.az