image-246a5a812e27c2f167f8efc856bd45b4backend

Müharibənin astar üzü: ATƏŞKƏS, yoxsa ÖLÜM? – Ukrayna ssenarisi 

Qərbin Ukrayna müharibəsinə yanaşmasında artıq mövqelər haçalanıb. Əgər müharibənin ilk dövründə Kiyevə kollektiv dəstək var idisə, indi bəziləri ucadan, bəziləri sakit şəkildə Rusiyaya güzəşt edilməsindən bəhs edir. Sülh, yoxsa müharibəyə davam? Bu sual ətrafında tərəddüdlər getdikcə böyüyür.

ABŞ-ın nüfuzlu “The National İnterest” nəşri 100 gündən artıq davam edən müharibəyə yanaşmanın dəyişməsindən və mümkün ssenarilərdən yazıb.

“Rusiya artıq Ukrayna ərazisinin təxminən beşdə birini işğal etdiyi üçün Qərbin tanınmış mütəxəssisləri uzanan münaqişənin mümkünlüyünü şübhə altına alır. Bununla belə sülh tərəfdarları Kremli ittiham etmək əvəzinə, daha çox Ukraynanın geri çəkilməsini istəyirlər. Ən sensasiyalı bəyanat isə ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin Kiyevin atəşkəs müqabilində ərazi güzəştinə getməsilə bağlı çağırışı oldu. Belə bir güzəşt Kiyev üçün məqbul deyil. Prezident Zelenski bu çağırışa sərt cavab verdi. Elə ukraynalılar da sülh müqabilində torpaqların verilməsinə qarşıdır”, – nəşr yazır.

Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun bu yaxınlarda keçirdiyi soğrunun nəticələrinə görə, ukraynalıların 82 faizi sülh danışıqlarında ərazi güzəştlərinin əleyhinədir.

Lakin “National İnterest” yazır ki, tənqidlərə baxmayaraq, Kissincerin sözlərində acı həqiqət var. Çünki Rusiyanın hücumu ölkə iqtisadiyyatına və əhalisinə xeyli ziyan vurub.

Kiyev İqtisadiyyat Məktəbinin son araşdırmasına görə, müharibə nəticəsində Ukrayna iqtisadiyyatına 600 milyard dollar ziyan dəyib. Bunun 92 milyard dolları infrastruktura dəymiş ziyandır, ən azı 195 fabrik sıradan çıxıb. Dünya Bankının hesablamarına görə, Ukraynanın iqtisadiyyatı təxminən 45 faiz kiçiləcək. BMT İnkişaf Proqramının hesabatında isə Ukrayna müəssisələrinin yarısının bağlandığı, qalanların da tam gücü ilə işləmədiyi qeyd olunur. Sənayeinin bəzi sahələri, xüsusilə, poladəritmə, metallurgiya, taxta istehsalı faktiki olaraq dayanıb. Bundan savayı, rus ordusu hücum zamanı 23 min 800 kilometr yolu dağıdıb və bunun bərpasına illər lazımdır.

Nəşr qeyd edir ki, iqtisadi vəziyyət siyasi proseslərə də ciddi təsir edir: “Kiyev qalib gəlsə belə, iqtisadi bataqlıqla üzləşəcək. Halbuki, atəşkəs rejiminə fərqli yanaşma itkiləri azaltmağa və ölkənin maliyyə yükünü yüngülləşdirməyə kömək edə bilər. Ukrayna NATO ölkələrinin, xüsusilə, ABŞ və Böyük Britaniyanın hərbi və iqtisadi yardımlarına arxalanır, fəqət Kiyevin Qərb himayədarlarından asılılığı əlavə risklər yaradır. ABŞ və əsas müttəfiqləri Kiyevə milyardlarla dollarlıq yardım və silah göndərib, amma Qərbin maliyyə yardımını nə vaxta qədər davam etdirəcəyi məlum deyil. İnflyasiya və daxili problemlər Qərbin diqqətinin azalmasına, müharibə yorğunluğu isə vətəndaşların qələbəyə ümidinin itməsinə səbəb ola bilər”.

Nəşr əlavə edir ki, Ukraynanın müttəfiqləri münaqişənin həlli ilə bağlı ümumi dil tapa bilməsələr, dəstək də azalacaq.

“ABŞ və NATO-nun digər üzvləri Ukraynanı dəstəkləyir, amma onların məqsədləri artıq fərqlənməyə başlayıb. Fransa, Almaniya və İtaliya da daxil olmaqla, Avropa ölkələri atəşkəs perspektivi barədə düşünür, London və Vaşinqton isə Kiyevi sona qədər dəstəkləyəcəklərini bəyan edir. Hərçənd, NATO üzvləri arasında prioritetlərin fərqliliyi ABŞ və Avropa ölkələrini bütün maraqlara cavab verən konsensus əldə olunana qədər Ukraynaya dəstəyin azaldılmasına vadar edə bilər”, – məqalədə vurğulanır.

Mübahisə doğursa da, “National İnterest” Ukrayna üçün sağ qalmağın yeganə yolu kimi danışıqlara qayıtmaq, ərazi güzəşti ilə nəticələnsə belə, atəşkəsə nail olmaq versiyasını irəli sürür.
Asif Nərimanlı

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki