Fransa prezidenti Emmanuel Makron növbədənkənar parlament seçkilərindən sonra altı həftəlik siyasi dalana son qoymaq üçün bu cümə günü partiya liderləri ilə danışıqlara başlayacaq.
Elchi.az-ın məlumatına görə, bu barədə “France 24” xəbər verir.
Görünür, Makron məğlub olmuş sağ mərkəzçi blokunu da daxil edəcək geniş koalisiya yaratmağı hədəfləyir. Müzakirələr bu cümə günü ən çox yer qazanmış, lakin hələ də mütləq çoxluğa malik olmayan solçu Yeni Xalq Cəbhəsi (NFP) bloku ilə başlayır. Partiya liderləri maliyyə cinayətləri ilə mübarizə təcrübəsi olan iqtisadçı və dövlət qulluqçusu Lüsi Kastı baş nazirliyə namizəd kimi təqdim edəcəklər.
Sol koalisiya Fransanın baş nazirinin ənənəvi olaraq parlamentdəki yerlərin əksəriyyətinə sahib olan siyasi qrupa aid olduğunu qeyd edərək, Makronu baş nazir vəzifəsinə Kastı təyin etməyə çağırıb.
Prezidentin baş naziri seçməsi Milli Assambleyanın rəsmi təsdiqini tələb etməsə də, deputatlar etimadsızlıq səsverməsi ilə hökuməti dərhal buraxa bilərlər. Nəzərə alsaq ki, hazırda Milli Assambleya kökündən fərqli siyasi gündəliyə malik üç siyasi blok arasında bölünüb, bu, çox real imkan kimi görünür.
Lakin Makron Kastı təyin etməkdən imtina edərək, bunun əvəzinə partiyaların Milli Assambleyada belə bir etimadsızlıq səsverməsinə tab gətirə biləcək daha geniş koalisiya yaratmaq üçün birlikdə işləmələrini israr edib. Fransa prezidenti açıq şəkildə bildirib ki, o, hazırda NFP-də iki əsas partiyadan biri olan mərkəz-sol sosialistlər və ənənəvi mühafizəkar respublikaçılardan, o cümlədən təbii ki, özünün sağ mərkəzçi blokundan ibarət koalisiyaya üstünlük verəcək.
Qeyd edək ki, Fransa seçicilərinin prezident Emmanuel Makron tərəfindən elan edilmiş növbədənkənar parlament seçkilərində iştirak etməsindən altı həftə keçib və Fransanın hələ də hökuməti yoxdur. Bəllidir ki, dünyanın diqqəti 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadaya yönəlmişdi. Belə olan halda Makron birtərəfli qaydada “Olimpiya atəşkəsi” elan edərək, olimpiada bitənə qədər yeni hökumət başçısı ilə bağlı qərar qəbul etməyəcəyinə söz vermişdi.
Yeganə