Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasının mümkünlüyünü şərh etdi.
“Valday” Beynəlxalq Diskussiya Klubunun çərçivəsində “Yeni dövrdə kollektiv təhlükəsizlik: KTMT-nin təcrübəsi və perspektivləri” adlı konfransda çıxış edən Zas bildirib ki, iki ölkə arasında münaqişənin həlli ilə bağlı müəyyən “ehtiyatlı nikbinlik” var. Bu barədə “Moskva-Baku” yazır.
Zas qeyd edib ki, Ermənistan, Rusiya və Azərbaycan liderləri tərəfindən üçtərəfli bəyanat imzalandıqdan sonra vəziyyət sabitləşib, qan tökülməsi dayandırılıb.
“Əlbəttə, gərginlik ocaqları var və onlar Ermənistan-Azərbaycan sərhədindədir. Mən orada olmuşam, baş verənləri öz gözlərimlə görürdüm. Amma sərhəd deyilən bir şey yoxdur, təmas xətti, dayaq məntəqələri, müşahidə məntəqələri var. Arada atışmalar olur. Bu belə olmamalıdır”, – deyə o bildirib.
KTMT baş katibinin sözlərinə görə, indi tərəflər qarşısında sərhədin delimitasiyası və demarkasiyası kimi ciddi vəzifə durur. Bu isə böyük və mürəkkəb işdir.
“Bütün bir müharibə dövrünün bitdiyi və başqa bir dövrün başladığı ilə bağlı ehtiyatlı nikbinlik var. Ola bilsin ki, bu cür nikbinlik baxımından yanılıram, amma hər halda sülhün bərqərar olması üçün indi atılan addımlar alqışlanmalıdır”, – deyə o vurğulayıb.