Rusiyanın Liberal Demokrat Partiyasının (LDPR) Ali Şurası partiyanın Dövlət Dumasındakı fraksiyasının sədri Leonid Slutskinin partiyanın mayın 27-də keçiriləcək qurultayında səsvermə bülletenində partiyanın sədri postuna namizədliyinin daxil edilməsini tövsiyə edib.
Bu barədə partiyanın Ali Şurasının üzvü, deputat Yaroslav Nilov bildirib.
“Ali Şura mayın 27-də Qurultayın nümayəndələrinə Liberal Demokrat Partiyasının sədri vəzifəsinə Leonid Slutskinin namizədliyinin səsvermə bülleteninə daxil edilməsini tövsiyə etməyi qərara aldı”, – deyə Nilov Teleqram kanalında yazıb.
Qeyd edək ki, mayın 18-də Leonid Slutski səs çoxluğu ilə LDPR-in Duma fraksiyasının rəhbəri seçilib. Fraksiyanın iclası mayın 17-də partiyanın lideri və qurucusu, bu ilin aprelində dünyasını dəyişmiş Vladimir Jirinovskinin səlahiyyətlərinə xitam verildikdən sonra baş tutub.