HƏMAS Hərəkatının Siyasi Bürosunun üzvü Usamə əl-Həmdan bildirib ki, vasitəçilər Qəzzada atəşkəs razılaşmasının qorunması üçün üzərinə düşəni etməli və İsrailin baş naziri Benyamin Netanyahunu razılaşmanın ikinci mərhələsinə keçməyə məcbur etməlidir.
Elchi.az xəbər verir ki, HƏMAS Hərəkatının Siyasi Bürosunun üzvü Usamə əl-Həmdan yaydığı video yazıda İsrailin atəşkəs razılaşmasını pozması ilə bağlı açıqlamalar verib.
Həmdan İsrailin pozuntularının 6 maddə altında qruplaşdırıldığını qeyd edərək, bunların “yardım və sığınacaq, humanitar protokol, sahədəki pozuntular, məhbuslar, Rəfah Sərhəd Qapısı və Filadelfi Dəhlizi və siyasi pozuntular” olduğunu bildirib.
Həmdan beynəlxalq ictimaiyyəti atəşkəsin ikinci mərhələsinə keçməsi üçün Netanyahuya təzyiq göstərməyə çağırıb :
“Biz beynəlxalq ictimaiyyəti və BMT-ni işğalçıları razılaşmaya qayıtmağa və daimi atəşkəs, bütün qüvvələrin çıxarılması, xalqımıza yardım və sığınacaq verilməsi, işğal nəticəsində dağıdılmış ərazilərin yenidən qurulmasını ehtiva edən ikinci mərhələyə keçməyə məcbur etmək üçün səy göstərməyə çağırırıq”.
Həmdan həyat qurtaran yardımların Qəzzaya daxil olması üçün sərhəd qapılarının açılmasını istəyib və “Fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnu, paytaxtı Qüds olan müstəqil, suveren Fələstin dövlətinin qurulmasını və qaçqınların geri qaytarılmasını təmin edən BMT Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsinin” icrasını tələb edib.
Həmdan vurğulayıb ki, atəşkəsin pozulmasının qarşısını almaq və razılaşmanın davamını təmin etmək üçün bütün səylər vasitəçilərin və zaminlərin üzərinə düşür.
Üsamə əl-Həmdan çıxışında İsrailin razılaşmanı ləğv etmək və yepyeni bir razılaşma qurmaq üçün çalışdığına və sıfıra qayıtmağın tərəfdarı olduğuna diqqət çəkib.
Nuranə Məmmədova