ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çinin “TikTok” sosial şəbəkə platformasını ölkədə qadağan edən qanunun tətbiqi üçün son müddəti təxirə salmaq üçün Ali Məhkəməyə müraciət edib.
Elchi.az xəbər verir ki, Trampın vəkili Con Sauer məsələ ilə bağlı yazılı açıqlama verib və Ali Məhkəməyə müraciət etdiyini açıqlayıb.
Sauer , TikTok-un Amerika şirkətinə satılmasını və ya ABŞ- da başqa şəkildə qadağan edilməsini tələb edən müvafiq qanunun qüvvəyə minməsinin Trampın vəzifəyə başlamasından bir gün əvvələ təsadüf etdiyini xatırladaraq, məhkəmədən bu prosesin uzadılmasını tələb etdiklərini bildirib.
Con Sauer yeni prezident olaraq Trampın məsələ ilə məşğul olacağını və Ali Məhkəmənin işə daha əhatəli baxıb nəticə çıxarması üçün qadağa qərarının icra tarixinin təxirə salınmasını istədiklərini vurğulayıb.
Sauer açıqlamasında “Prezident Tramp ABŞ-da TikTok-un qadağan edilməsinə qarşıdır və vəzifəyə gəldikdən sonra mövcud problemi siyasi yollarla həll etmək fürsəti axtarır” deyib.
ABŞ Ali Məhkəməsi TikTok sosial şəbəkə platformasının ABŞ-da qadağan edilməsini və ya onun Amerika şirkətinə satılmasını nəzərdə tutan hüquqi tənzimləmə ilə bağlı işdə tərəflərin şifahi arqumentlərini yanvarın 10-da dinləyəcəyini açıqlamışdı.
Bayden administrasiyası TikTok-a 2025-ci il yanvarın 19-na qədər vaxt verdi ki, Çin ByteDance ilə əlaqələri dayandırsın, əks halda şirkət ABŞ-da qadağan ediləcək və istifadəçilər tərəfindən girişi bloklanacaq.
ABŞ-da 170 milyon istifadəçisi olan TikTok da bu qanunun ABŞ Konstitusiyasının 1-ci maddəsindəki ifadə azadlığına və ABŞ-ın “açıq internet” siyasətinə zidd olduğunu iddia edərək, bu qanunun ləğvi üçün Apellyasiya Məhkəməsinə müraciət edib.
TikTok müraciətində həmçinin ABŞ administrasiyası tərəfindən verilən müddətin çox qısa olduğunu və bu müddət ərzində platformanın ByteDance ilə əlaqəsini kəsməyin texniki və praktiki olaraq mümkün olmadığını müdafiə etdi.
Apellyasiya Məhkəməsi TikTok-un qadağan edilməsinə yol açan qanunun lehinə qərar verib.
Digər tərəfdən Donald Tramp seçki kampaniyası zamanı vəzifəyə başlayacağı 2025-ci il yanvarın 20-dən bir gün əvvəl qüvvəyə minəcək qanuna qarşı çıxıb.
Qanunun icrasının müvəqqəti dayandırılması tələbi ilə Apellyasiya Məhkəməsinə təqdim etdiyi ərizə ərizəsində TikTok-un Ali Məhkəməyə yenidən baxılmasını tələb etməsi gözlənildiyi halda müvəqqəti qərar tələb etdiyi bildirilib.
Nuranə Məmmədova